"Kəpəz"in futbolçusu Əli Səmədov Premyer Liqanın VI turu çərçivəsində "Sumqayıt"la 1:1 hesabı ilə başa çatan oyundan sonra matc.az saytının əməkdaşının suallarını cavablandırıb. O, öncə oyunla bağlı fikirlərini açıqlayıb.

- Görüş bizim üçün önəmli idi. Belə deyim, milli komandanın oyunları ilə bağlı yaranacaq fasilə öncəsi son sınağımız idi. Meydana maksimum nəticə, 3 xal qazanmağa çıxmışdıq. Düzdü, birinci hissə zəif təsir bağışladıq. Amma ikinci yarıda komanda toparlandı. Nəticədə, rəqibdən daha üstün oynadıq. Öncə hesabı bərabərləşdirdik. Siz də gördünüz ki, son dəqiqlərdə real qol şanslarından yararlana bilmədik.

- O şanslardan yararlanmağa nə mane oldu? Futbolçuların ustalıq səviyyəsi?
- Məncə də, ustalıq səviyyəsi çatmadı. Yəni, həmin epizodlarda soyuqqanlı olmaq lazım idi. Amma komandada əzmkarlıq var. Döyüşkən komandayıq. Qazanılan bir xalı qənaətbəxş saymaq olar.

- Matçın fasiləsində baş məşqçi nə dedi, nə tapşırdı sizə?
- Dedi ki, daha çox istəkli, daha aqressiv olmalıyıq. Fasilədən sonra bunun nəticəsini gördük. Daha çox təzyiq yaratdıq. Şükürlər olsun ki, ən azı bir xalla kifayətləndik.

- Bir xal qazandınız, yoxsa iki xal itirdiz?
- 2 xal itirdik. Yəni, son dəqiqələrdəki epizodları gördünüz. Təəssüf ki, dəyərləndirə bilmədik. "Sumqayıt" öz qapısına qarşısına oturmuşdu.

- Ötən mövsüm komanda ardıcıl 4 oyunda xalsız qalmışdı. Rəhbərlik dəyişəndən sonra sanki komanda da dəyişib, nəticələr də...
- Komandanın dəyişməsi, nəticələr göz qabağındadı. Yenə deyirəm, "Kəpəz" döyüşkən komandadı.

- Dəyişən, döyüşkən komandanın hədəfi, məqsədi nədi?
- Hədəf daha yuxarı pillələrdə qərarlaşmaqdı. Düzdü, komanda yeni yığılıb, heyətin yarıdan çoxu yeni futbolçulardan ibarətdi. Nəticələr də, fikrimcə, normaldı.

- Yuxarı yerlər deyəndə, 5-ci, 6-cı yeri nəzərdə tutursuz?
- Bacardığımız qədər daha yüksək yerlərdə mübarizə aparacağıq. Niyə də olmasın? Bütün hallarda, ötən mövsümlə müqayisədə daha yüksək yerdə qərarlaşmaq istəyirik.

- Gəlin razılaşaq ki, yuxarı yerlərin sahibləri indidən bəllidi: daha iddialı "Sabah", "Qarabağ", "Neftçi", "Turan Tovuz", "Zirə" var. Razılaşırsız ki, "Kəpəz"in maksimumu altıncı yer olar?
- Reallıqla barışsaq, düzdü. Amma daha yuxarı pillədə qərarlaşmaq niyyətindəyik. Evdə möhtəşəm azarkeş dəstəyimiz var. Bu səbəbdən öz meydanımızda bütün komandalardan xal və xallar almağı qadirik.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest