Türkiyənin "Sabah" nəşrinin idman yazarları "Qalatasaray"ın baş məşqçisi Okan Burukun son vaxtlar tənqid hədəfinə çevrilməsinin səbəblərini analiz ediblər.
Matc.az xəbər verir ki, jurnalistlər 4 ildə kluba mühüm uğurlar qazandıran mütəxəssisin hər xal itkisindən sonra yenidən müzakirə mərkəzində oturmasının səbəblərinə aydınlıq gətiriblər.
İdman yazarı Ömər Üründül "Qalatasaray"ın B və C planlarının olmadığını, komandanın daim eyni taktikaya əl atdığını qeyd edib. Digər yazar Levent Tüzemen isə baş məşqçinin heyət seçimində, əvəzetmələrdə və oyunu oxumaqda keçmiş sabitliyi yaxalaya bilmədiyini, "Trabzonspor"a məğlubiyyətdə də əsas məsuliyyətin məhz onun üzərinə düşdüyünü vurğulayıb.
Bülent Timurlenk klub rəhbərliyində Burukun çempionluq xərclərinin çox olduğunu düşünənlərin varlığına toxunaraq, komandanın nümayiş etdirdiyi futbol keyfiyyəti və Viktor Osimhen asılılığına görə baş məşqçinin tənqidi haqlı qazandığını bildirib.
Fatih Doğan isə tənqidlərin kökündə üç əsas səbəbin – məşqçinin simasının köhnəlməsi, mental yorğunluq, motivasiya və istəyin azalması, həmçinin komandanın əvvəlki kimi yaxşı oynamamasının dayandığını ifadə edib.













