AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının VI turunda qeydə alınan mübahisəli epizodlarla bağlı fikirlərini bölüşüb.
Matc.az xəbər verir ki, o, qarşılaşmalardakı bir neçə önəmli qayda pozuntusuna və təyin olunan penaltilərə aydınlıq gətirib.
"Qəbələ" – "Neftçi" matçında qonaq komandanın oyunçusu qarşılaşmanın 65-ci dəqiqəsində topu oynamaq şansı olmadığı halda, rəqibinə arxadan açıq ayaqla müdaxilə edib. Futbolçu rəqibin ayağının qorunmayan hissəsinə şiflərlə həddindən artıq güc tətbiq etdiyi üçün bu hərəkət ciddi qayda pozuntusu sayılmalı və o, birbaşa qırmızı vərəqə ilə cəzalandırılmalı idi.
"Qarabağ" – "Şəfa" matçında isə meydan sahiblərinin rəqib qapıya endirilən zərbəsindən sonra top müdafiəçinin ayağına sıçrayıb, oradan isə qeyri-təbii vəziyyətdə olan əlinə dəyib. Hakimlər müdafiəçinin əlinin zərbədən əvvəl də qeyri-təbii vəziyyətdə olmasını və ayağına dəyən topun istiqamətini dəyişməməsini əsas gətirərək doğru olaraq penalti qərarı veriblər.
"Şamaxı" – "Araz-Naxçıvan" oyununun 21-ci dəqiqəsində Naxçıvan klubunn qapıçısı öz cərimə meydançasında topu oynamağa gecikərək rəqibini yıxıb. Qapıçının topa toxunmaması və badalaq gəlməsi rəsmi qayda pozuntusu olduğu üçün burada da penalti təyinatı tamamilə doğrudur.
Eyni komandanın digər matçında, oyunun 35-ci dəqiqəsində "Şamaxı"nın futbolçusu cərimə meydançasında topla irəliləyərkən "Araz-Naxçıvan"ın oyunçusu ona ehtiyatsız şəkildə badalaq vurub. Topla oynamayan müdafiəçinin bu müdaxiləsinə görə hakimin penalti nöqtəsini göstərməsi doğru addımdır.


_1790093096.jpg)










