çempionlar Liqasının (çL) yarımfinal mərhələsinin "Real"la "Mançester Siti" arasında keçirilən cavab oyununda maraqlı məqamlar diqqəti çəkib. Matc.az xəbər verir ki, IFFHS İspaniya klubunun 3:1 hesabı ilə qalib gələrək finala yüksəldiyi görüşlə bağlı statistik göstəriciləri açıqlayıb.

- "Real" çL tarixində pley-off mərhələlərinin hər birinin ilk oyununda məğlub olmasına baxmayaraq, finala yüksələn ilk komandadır. "Kral klubu" 1/8 finalda PSJ-yə 0:1, 1/4 finalda "çelsi"yə 2:3, yarımfinalda isə "Mançester Siti"yə 3:4 hesabı ilə uduzsa da, mərhələ adlayan tərəf olub.

- Avrokuboklar tarixində buna qədər belə hal iki dəfə baş verib. 1966-cı ildə "Partizan" (rəqibləri "Verder", "Sparta", "Mançester Yunayted"), 1978-ci ildə isə "Brügge" (rəqibləri "Panatinaikos", "Atletiko", "Yuventus") ilk oyunlardakı yenilgiyə rəğmən yoluna davam edib.

- Rodriqo çempionlar Liqası tarixində 90-cı dəqiqədə və daha sonra qol vuran 4-cü oyunçudur. Braziliyalı ilk futbolçudur ki, bunu pley-offda reallaşdırıb. Əvvəllər qrup mərhələlərində 3 dəfə belə hal yaşanıb: Nilmar (2004 - "Lion"da. "Fənərbaxça"ya qarşı 4:2), Qaret Beyl (2010 – "Tottenhem"də. "İnter"ə qarşı 3:4), Emil Forsberq (2019 – "Leypsiq"də. "Benfika"ya qarşı 2:2).

- Rodriqo braziliyalıların çempionlar Liqası tarixində vurduğu 1000-ci qolun müəllifi olub. Bu, onun ikinci topuna təsadüf edib. Braziliya bu həddə çatan ilk ölkədir. Sonrakı yerdə 802 qolla Fransa qərarlaşır.

- Rodriqo çL-in pley-offlarında ən sürətli 3-cü dublun müəllifidir. İki qol arasında 1 dəqiqə 29 saniyə olub. O, Robert Levandovski (2022 - "Bavariya"da. "Zalsburq"a qarşı 1 dəqiqə 21 saniyə) və Kriştiano Ronaldodan (2016 - "Real"da. "Volfsburq"a qarşı 1 dəqiqə 27 saniyə) geri qalır.

- "Real" tarixində ilk dəfə qitənin ən nüfuzlu klub turnirində yarımfinalın ilk duelində məğlub olduqdan sonra cavab matçında qalib gələrək finala yüksəlib. Madridlilərin buna qədərki 8 cəhdi uğursuz olmuşdu.

- Pep Qvardiola 6-cı dəfə çempionlar Liqasının yarımfinalında mübarizəni dayandırıb ("Barselona" ilə 2010 və 2012, "Bavariya" ilə 2014, 2015 və 2016-cı illərdə). O, bu göstəriciyə görə Joze Mourinyoya çatıb.

- Qvardiola karyerasında 33 dəfə iki oyunlu rəqabətin ilk matçında qalib gəlib və bunun 31-də mərhələ adlayıb. İspaniyalı yalnız 2017-ci ildə "Monako" və bu mövsüm "Real" önündə bu uğuru təkrarlaya bilməyib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest