Avrokuboklarda 2018/19 mövsümünün ikinci yarısına start verilir. Matc.az xəbər verir ki, sabah çempionlar Liqasında 1/8 final mərhələsi başlayacaq. İki həftə keçiriləcək ilk oyunlar tarixi hadisə ilə əlamətdar olacaq. Belə ki, 1/8 finaldan başlayaraq video hakim köməkçisi – VAR sistemi tətbiq ediləcək. İlk oyun günündə iki qarşılaşma baş tutacaq və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Mançesterdəki oyun daha böyük maraqla gözlənilir. Püşkatma zamanı PSJ-ni MY ilə cütün favoriti sayanlar çox olsa da, arxada qalan 2 ay böyük dəyişikliklərə səbəb olub.

Belə ki, baş məşqçi dəyişikliyindən sonra sanki 180 dərəcə fırlanan İngiltərə klubu qələbələri sıralamaqdan doymur. öz oyununu tapan MY-dən fərqli PSJ-də işlər o qədər də yaxşı getmir. Zədəli oyunçuların yoxluğundan əziyyət çəkən Fransa çempionu son turlarda əvvəlki qədər əzəmətli üstünlük də əldə etmir.

Günün digər qarşılaşması İtaliyada baş tutacaq.  "Roma" öz meydanında "Porto"nu sınağa çəkəcək. A seriyasında o qədər də sabit çıxışı ilə öyünə bilməyən "canavarlar" azarkeşlərini avrokubokda sevindirməyə çalışcaq. "Porto" isə əksinə, Portuqaliya çempionatındakı liderliyinin əbəs olmadığını beynəlxalq arenada da təsdiqləmək əzmindədi.

İkinci oyun günündə "Böyük beşlik" təmsilçilərinin dueli daha çox maraq doğuracaq. Əfsanəvi "Uembli"də "Tottenhem" Dortmund "Borussiya"sını qəbul edəcək. Bu, rəqiblərin son 4 ildə 3-cü dueli olacaq. 2015/16 mövsümündə almaniyalılar rəqibini Avropa Liqasında mübarizədən kənarlaşdırmışdısa, ötən mövsüm qrupda ingilislər daha çox xal qoparmışdı. Lakin Hari Keynin zədəli olması Premyer Liqa təmsilçisinin əleyhinə olan amildi. Bundesliqanın lideri isə yaxşı formada olduğunu səfərdə də nümayiş etdirə bilər.

Avropanın ən titullu klubu "Real" Hollandiyada "Ayaks"la üz-üzə gələcək. Baş məşqçi dəyişikliyinə qədər madridlilər üçün bu duel də çətin sayıla bilər. Amma tədricən öz oyununu tapmaqda olan "Kral klubu"nun Amsterdamda da çətinlik çəkməyəcəyini gözləmək olar. Hərçənd gənc ulduzlarını satmaqda davam edən "Ayaks" da sürprizə imza atmağa köklənib.

UEFA artıq sabahkı oyunların hakim təyinatlarını da açıqlayıb. Romadakı görüş hollandiyalılara, Mançesterdəki matç italiyalılara həvalə edilib. Digər iki oyunun təyinatları isə hələ müəyyənləşməyib.

Qeyd edək ki, 1/8 finalın 1/8 final mərhələsi çərçivəsindəki digər 4 oyun fevralın 19-20-də keçiriləcək.

çempionlar Liqası

1/8 final, ilk oyunlar

12 fevral

00:00. "Roma" (İtaliya) – "Porto" (Portuqaliya)
Roma. Olimpiya stadionu. Baş hakim: Danni Makkelli (Hollandiya)

00:00. "Mançester Yunayted" (İngiltərə) – PSJ (Fransa)
Mançester. "Old Traffors" stadionu. Daniele Orsato (İtaliya)

13 fevral

00:00. "Tottenhem" (İngiltərə) – "Borussiya" (Dortmund, Almaniya)
London. "Uembli" stadionu

00:00. "Ayaks" (Hollandiya) – "Real" (İspaniya)
Amsterdam. Yohan Kroyff Arena

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest