Bu gün Azərbaycan çempionu "Qarabağ" UEFA çempionlar Liqasında növbəti oyununa çıxıb. Matc.az xəbər verir ki, "köhlən atlar" çL-in 1-ci təsnifat mərhələsi çərçivəsində Bakıda Polşanın "Lex" komandası ilə üz-üzə gəlib.

"Qarabağ" Poznanda keçirilən ilk qarşılaşmada yaxşı oyun göstərməsinə baxmayaraq, 0:1 hesabı ilə məğlub olmuşdu. Bu üzdən Ağdam təmsilçisi "Lex"i ən azı iki top fərqi ilə məğlub etməliydi. Növbəti mərhələyə vəsiqə qazanmaq üçün "Qarabağ"ın qələbədən başqa şansı yox idisə, "Lex"ə heç-heçə də bəs edirdi.

Bu qarşılaşmada da hesabı "Lex" açıb. Oyun başlayan kimi irəli atılan qonaqlar 22-ci saniyədəcə "Qarabağ"ı şoka salıblar. Amma ruhdan düşməyən Ağdam təmsilçisi ilk yarıda ümumi hesabı bərabərləşdiribsə, fasilədən sonra bu rəqibini darmadağın edib. Beləcə, Azərbaycan çempionu əzmkar qələbə sayəsində çL-in 2-ci təsnifat mərhələsinə vəsiqə qazanıb.

"Qarabağ"ın çL-in ikinci təsnifat mərhələsindəki rəqibi İsveçrə çempionu "Sürix" olacaq. Ağdam klubu İsveçrə təmsilçisi ilk oyunu Bakıda, cavab matçını səfərdə keçirəcək.

Cütün məğlubu olan "Lex" də avrokuboklarda mübarizəni başa vurmayacaq və Konfrans Liqasının 2-ci təsnifat mərhələsində yarışacaq. Polşa çempionunun rəqibi isə çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin "Slovan" (Slovakiya) – "Dinamo" (Batumi, Gürcüstan) cütünün məğlubu olacaq. Bu komandaların Slovakiyadakı ilk oyunu heç-heçə yekunlaşıb – 0:0.

UEFA çempionlar Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunu
12 iyul

Qarabağ – Lex 5:1
Qol: K.Borges, 14; 74. F.Ozobiç, 42. K.Medina, 56. A.Hüseynov, 77 – K.Velde, 1.
Hakimlər: Endryu Medli, Daniel Kuk, Harri Leonard, Simon Huper (hamısı İngiltərə).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun – 0:1.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 7. Riçard Almeyda, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev.
Baş məşqçi: Qurban Qurbanov.
Lex: 1. Artur Rudko, 2. Joel Pereyra, 5. Pedro Reboşo, 6. Yesper Karlström, 9. Mikael İshak (k), 16. Antonio Miliç, 21. Mixal Skoraş, 22. Radoslav Muravski, 23. Kristoffer Velde, 24. Joao Amaral, 37. Lubomir Şatka.
Ehtiyat oyunçular: 31. Kristof Bakovski, 35. Filip Bednarek, 3. Barri Duqlas, 11. Filip Marçvinski, 14. Georgi Tsitaişvili, 17. Filip Şimçak, 20. Maksimilian Pinqot, 30. Nika Kvekveskiri, 44. Alan çervinski, 90. Artur Sobiex.
Baş məşqçi: Con van den Brom.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest