Misli Premyer Liqası start götürməmiş problemləri özündən əvvəl başlamışdı. Əsasən, bölgə komandalarındakı biabırçı vəziyyətin üzə çıxması üçün bir neçə tur gözləməyə ehtiyac qalmadı. Bu mənada “Şamaxı” və debutant “Kəpəz” digərlərindən seçilir.

İllərdi AFFA-nın ən çox tənqid olunduğu məsələ Premyer Liqada komanda sayının az olması idi. Sanki sayı artırmaqla futbolumuzdakı bütün problemlər həllini tapacaqdı. Ən çox da “Kəpəz”in elitaya qaytarılması üçün təzyiqlər böyük idi. Gəncəli sabiq futbolçular bunu əllərində bayraq edib, hər imkanda AFFA-nı “vurmaq” üçün bəhanə axtarırdılar. Elə sabiq futbolçu/məşqçi/prezident Mehman Allahverdiyev də onlardan geri qalmırdı. Hətta arada sponsor axtarışına da çıxmışdı.

Ancaq cəmi 2 tur keçməsinə baxmayaraq, assosiasiyaya haqq qazandırmamaq mümkün deyil. Baş verənlər onu göstərir ki, adamlar bir şey bilirlərmiş ki, “Kəpəz”i Premyer Liqaya gətirmirdilər.

Mövsümü böyük həyəcanla gözləyən, Gəncə futbolunun bundan sonrakı inkişafından ağızdolusu danışan həmin dırnaqarası mütəxəssislər indi yoxa çıxıblar. “Kəpəz” elitaya niyə gətirildi? Azarkeşlərinə görə. Heç olmasa, 1-2 yerdə çempionat matçının dolu tribunalar önündə keçirilməsi üçün. Bəs hanı gəncəli fanatlar? Açılış turuna bir neçə gün qalmış məlum oldu ki, Gəncə stadionu istifadəyə yararsızdı, yerli azarkeşlərin həsrəti davam edəcək. Yəni, Gəncə futbolunun başbilənləri komandanın Premyer Liqada iştirakını azarkeşlərə görə yox, öz mənafelərinə görə istəyirmiş.

Adı Gəncə klubu olsa da, “Kəpəz” də artıq Bakı komandasına çevrilib. Paytaxtda məskunlaşmaq bir tərəfə, göstərilən oyun da onu göstərir ki, “Kəpəz” hələ də Birinci Divizionda qalıb. İlk turda “Zirə”yə minimalhesablı məğlubiyyət gəncəlilərin yaxşı olmasından yox, rəqibin ideal formadan uzaq olmasından qaynaqlanırdı. Həm Yaşar Vahabzadənin, həm də komandasının əsl səviyyəsini “Neftçi” önündə gördük. Startdaca 3 qol vuran “ağ-qaralar” əzəli rəqibə rəhm eləməsəydi, “Kəpəz”, bəlkə də, tarixinin ən biabırçı yenilgisini alacaqdı. Bəxtləri onda gətirdi ki, “Neftçi” avrokubokların yorğunluğunu məhz bu matçda məşq edərək çıxardı, gücünü qorudu.

Tüfeyli mövsüm keçirən “Kəpəz” 3-cü turda “Qəbələ”ni elə Qəbələdə qəbul edəcək. Yəqin ki, sizin üçün də gülməli səslənir. Amma bu, Gəncə futbolu adına yalnız fiaskodur. Bu gedişlə komanda hər ev oyunu üçün bir məkan seçərək, diyar-diyar gəzəcək.

“Şamaxı” ilə bağlı vəziyyət də acınacaqlıdı. Düzdü, “Kəpəz”dən fərqli, “Keşlə”nin xələfinin stadionu var. Amma istər məşqçi, istərsə də futbolçu heyətinə baxanda, adamın “İnter”ə rəhmət oxumağı gəlir. Guya azərbaycanlı futbolçuları yetişdirməyi özünə prioritet seçən klub rəhbərliyi heç baş məşqçisini seçə bilməyib. Baş açmaq olmur ki, “Şamaxı”nın “sükanı arxası”nda kimdi? Futbolçular bilmirlər Cavid Hüseynova, Vüqar Əsgərliyə, yoxsa Elhad Nəziriyə qulaq assınlar. Həvəskar səviyyədə idarə olunan klubdan başqa nə gözləmək olar?

“Şamaxı”nı iddialı komandalar üçün yaxşı məşq sparrinqi saymaq olar. Bu komanda ilə qarşılaşan həm də bir sonrakı tura rahat hazırlaşmaq imkanı qazanacaq. Bu fikirlər elə “Kəpəz”ə də aiddi.

İndidən əminliklə demək olar ki, “Şamaxı” ilə “Kəpəz” mövsümü sonuncu pillədə bitirməmək uğrunda bir-birləri ilə yarışacaq. Digərlərindən alınacaq təsadüfi xal və ya xallar isə bu yolda əsas qazancları olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest