Bu gün çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq. Matc.az saytının məlumatına görə, azarkeşləri iki maraqlı qarşılaşma gözləyir.

"Atletiko" turnirin favoritləri arasında göstərilən "Yuventus"u qəbul edəcəksə, "Mançester Siti" Almaniyada "Şalke"nin qonağı olacaq. Qarşılaşmalar öncəsi baş məşqçilər və futbolçular fikirlərini bildiriblər.

Dieqo Simeone ("Atletiko"nun baş məşqçisi): "Oyunöncəsi böyük həvəsim var. "Yuventus" kimi böyük rəqiblə qarşılaşmaq inkişafımıza və böyüməyimizə təkan verir. Növbəti mərhələyə yüksəlmək üçün bir qədər də inkişaf etməliyik. Böyük futbolçulara malik və uzun müddətdi eyni məşqçinin rəhbərliyi altında çıxış edən klubla üz-üzə gələcəyik. Heç kim favorit qismində göstərilmək istəməz. Onlar Kriştianu Ronaldonu almaqla heyəti gücləndirmək baxımından böyük həmlə etdilər. Ancaq biz öz oyunçularımız barədə düşünməliyik".

Koke ("Atletiko"nun yarımmüdafiəçisi): "Bu, başqa oyun olacaq. Həmişə olduğu kimi, "döyüşəcəyik". Bizim üçün hər oyun finaldı. Hazırda 1/8 finaldayıq, amma daha çox irəliləmək istəyirik. çox həyəcanlıyıq, gözəl oyun gözləyirik. öz oyun üslubumuza sadiq qalmağı planlaşdırırıq".

Massimiliano Alleqri ("Yuventus"un baş məşqçisi): "Mövsümün ən vacib mərhələsinə giririk. Standart vəziyyətlərdən məharətlə istifadə edən, kompakt oyun sərgiləyən və avrokuboklarda uğurlu nəticələr göstərən komanda ilə qarşılaşacağıq. Ronaldonun varlığı bizim üçün üstünlükdü, ancaq bu da kifayət deyil. Bütün komanda yaxşı oyun göstərməlidi".

Miralem Pyaniç ("Yuventus"un yarımmüdafiəçisi): "Atletiko" son illər çox güclü və çətin rəqib olduğunu sübut edib. Bizi iki ağır oyun gözləyir. İlk görüşdən sərfəli nəticə ilə ayrılmağa çalışacağıq. Bu gündən bizim üçün vacib dövr başlayır və addım-addım irəliləməli olacağıq. Finalda oynamaq üçün yenidən bu stadiona qayıtmaq istəyirik".

Domeniko Tedesko ("Şalke"nin baş məşqçisi): "Favorit olmasaq da, şansımız var. Qrupdan çıxmışıqsa, deməli, pley-offa layiqik. "Mançester Siti" inanılmaz dərəcədə güclüdü. Onlarda hər futbolçu digərinin nə etmək istədiyini öncədən bilir. Ən yaxşı oyunumuzu sərgiləməliyik. Bunu həm özümüz, həm də azarkeşlərimiz üçün etməliyik. Yaxşı hazırlaşsaq və planımıza sadiq qalsaq, rəqibə problem yarada bilərik. Hər bir komandanı səhvindən cəzalandırmaq mümkündü".

Bastian Oçipka ("Şalke"nin müdafiəçisi): "Mançester Siti" bizdən güclü olduğunu meydanda sübut etməlidi. Düzdü, böyük komanda ilə qarşılaşacağıq. Bu üzdən də ələ düşən şanslardan istifadə etmək vacibdi. Azarkeşlərimizə qələbə hədiyyə etmək istəyirik. Fərdi cəhətdən ustalara malik rəqibi ancaq komanda şəklində oynamaqla dayandıra bilərsiniz. Bir futbolçu təkbaşına heç nəyi həll edə bilməz. Dünyanın ən güclü oyunçularına qarşı necə oynayacağımızı bilirik".

Pep Qvardiola ("Mançester Siti"nin baş məşqçisi): "Bu, xüsusi turnirdi. Bütün komandalar güclüdü. Emosiyalara nəzarət etməliyik. Uğursuzluğa belə, hazır olmalıyıq. Ancaq özümüzə güvənirik və bizdən gözləntilərin böyük olduğunu bilirik. Yalnız öz köməyimizlə irəliləyə bilərik. Bundan sonra ən yaxşı performansı göstərməliyik. Finala qədər irəliləmək istəyirsinizsə, hər zaman inanılmaz çıxış etməlisiniz".

Kevin De Bröyne ("Mançester Siti"nin yarımmüdafiəçisi): "Karyerama təsir edən ağır zədə aldım. Amma indi özümü əla hiss edirəm. Zədədən yenicə döndüyüm vaxtla müqayisədə daha yaxşı durumdayam. "Mançester Siti"nin hədəfi iştirak etdiyi 4 turnirin hamısını qazanmaq deyil. Biz oyundan-oyuna qalib gəlməyi düşünürük. Yerimizdən məmnunuq, lakin daha da irəliləmək istəyirik. Mübarizələr davam edir".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest