çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Matc.az saytının məlumatına görə, dünən gecə daha 2 görüş baş tutub.

"Atletiko" öz meydanında "Yuventus"un qapısından 2 cavabsız top keçiribsə, "Mançester Siti" səfərdə "Şalke"dən üstün olub (3:2). Matçlardan sonra komandaların baş məşqçiləri və futbolçuları öz fikirlərini bölüşüblər.

Massimiliano Alleqri ("Yuventus"un baş məşqçisi): "Təəssüf ki, ikinci hissə qorxunc alındı. Bilirdik ki, "Atletiko" bizə yaxşı oynamaq imkanı verməyəcək. Ancaq oyunçularımız buna uyğunlaşa bilmədi və cəzalandırıldı. Rəqibə öz oyununu göstərmək imkanı verdik və səhvlər buraxdıq. Turində asan olmayacaq. Böyük oyun olacaq, amma qələbədə inanıram. Vəziyyəti dəyişmək imkanımız olacaq. ötən mövsüm "Real"a 0:3 hesabı ilə uduzandan sonra da şansımızı davam etdirmişdik. İndi də belə olacaq. Cavab görüşündə mümkün qədər erkən qol vurmalıyıq".

Corcio Kyellini ("Yuventus"un müdafiəçisi): "Rəqibin standart vəziyyətlərdən təhlükəli olduğunu bilirdik. Bu vəziyyətlərə daha çox konsentrasiya olunmalı idik. Sakitliyimizi qorumalıyıq, çünki hələ də şansımız qalır. Baş verənləri tez unutmaq və Turində qələbə qazanmaq lazımdı".

Dieqo Simeone ("Atletiko"nun baş məşqçisi): "Koke və Dieqo Kostanın qayıtması ilə çox güclü komandaya qarşı ağıllı oynadıq. Uşaqlar bilirdilər ki, ələ düşən imkandan yararlanmaq lazımdı. çox güclü oynadıq, oyunu düzgün istiqamətdə apardıq. Qol vəziyyətləri yaradırdıq və bundan da istifadə edəcəyimizi bilirdik. Komanda tribunalardakı dəstəyin cavabını meydanda verdi. Ancaq hələ heç nə qazanmamışıq, şanslar yenə yarı-yarıyadı. Turində bizə çətin olacağını başa düşürük. O ki qaldı jestimə, bunu rəqibə ünvanlamamışdım. Belə bir hərəkəti futbol oynadığım zaman "Latsio" - "Bolonya" görüşündə də etmişdim. Bu təkrarlamaqda məqsədim azarkeşlərimizə yumurtalarımızın olduğunu göstərmək idi. Sadəcə, azarkeşlərimizə bir müraciətim idi. Bilirəm ki, bu jesti müsbət adlandırmaq olmaz, ancaq belə etməli olduğumu düşündüm".

Dieqo Qodin ("Atletiko"nun kapitanı): "Əla oyun keçirdik, çox məmnunam. Həm əlaqə, həm müdafiə, həm hücum baxımından ideal alındı. Bir neçə qol şansı yaxaladıq. Bu qələbə bizə böyük üstünlük qazandıracaq. Baş məşqçi fasilədə nəyinsə dəyişməsini istəmədi. Bildirdi ki, ilk hissədəki mübarizəni davam etdirməliyik. Oyun sonlara yaxınlaşsa da, qol vəziyyəti yaradacağımızı bilirdik. Belə matçların taleyini ən xırda detallar müəyyənləşdirir".

Domeniko Tedesko ("Şalke"nin baş məşqçisi): "Əlbəttə ki, bu nəticədən məyus olduq. Daha yaxşısına layiq idik. Müdafiənin dərinliyində ehtiyatlı oynamaq lazım olduğunu danışmışdıq. Lakin mübarizələr zamanı diqqətsizlik etdik. Oyunun sonlarında 2 qol buraxmaq çox ağır oldu".

Nabil Bentaleb ("Şalke"nin yarımmüdafiəçisi): "Bizim üçün məyusedici nəticə oldu. Oyundan əvvəl bizə çox az adam inanırdı. Hətta hesabda önə keçdikdən sonra da bunu qoruyacağımıza inananların sayı az idi. Amma özümüzlə fəxr edə bilərik. üç kobud səhv etdik. Hansı ki, çempionlar Liqasında belə bir rəqibə qarşı bunu etməyin cəzası ağır olur. Əmin oldum ki, rəqibə problem yarada bilərik. Oyun planını 85 dəqiqə düzgün yerinə yetirdik".

Pep Qvardiola ("Mançester Siti"nin baş məşqçisi): "Mən VAR-ın böyük fanatıyam. Penalti qərarları doğru idi. Həmçinin qırmızı vərəqə də yerində verilmişdi. Yaxşı nəticə əldə etsək də, hələ heç nə həll olmayıb. ümid edirəm ki, cavab oyununda azarkeşlərimiz bizə kömək edəcək. Həmçinin əla oyunla mərhələ adlamağa çalışacağıq".

Leroy Sane ("Mançester Siti"nin yarımmüdafiəçisi): "Şalke"yə görə üzüldüm, çünki yerli atmosfer həmişəki kimi, möhtəşəm idi. "Şalke" oyunu çox yaxşı keçirdi. Bizim müdafiədə işimizi çətinləşdirdilər. Bununla belə, səfərdə 3 qol vurduq ki, bu, ən vacibi idi. Böyük istəklə oynadıq, təslim olmadıq. Döyüşü heç vaxt bitirmək istəmirik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest