çempionlar Liqasının 1/8 final mərhələsində növbəti "comeback" Parisdə yaşanıb. Matc.az saytının məlumatına görə, öz meydanında PSJ-yə yenilən "Mançester Yunayted" səfərdə qalib gələrək adını 1/4 finala yazdırıb.

Qarşılaşmadan sonra klubların düşərgəsində fərqli atmosfer hökm sürüb. PSJ-lilər məyusluqlarını gizlətməyiblərsə, "Mançester Yunayted" cəbhəsində bayram ab-havası hökm sürür.

Nasser el-Xelaifi (PSJ-nin prezidenti): "Nəticəyə çox üzüldüm. Səfərdə qalib gəldik və bu gün topa sahib olma 72% bizdə idi. 90-cı dəqiqədə isə qapımıza penalti təyin edildi. Məncə, orda penalti yox idi. PSJ-nin əleyhinə belə qərar vermək çox asandı. Hər kəs məyusdu. Baş verənlər bizim üçün şok oldu. Bu riyaziyyat deyil ki, 1+1-in cavabı həmişə 2 olsun. Futbolda işləmək və təhlil etmək lazımdı. "Mançester Yunayted"lə 10 min dəfə oynasaq, birində də uduzmarıq. Rəqibin erkən qolundan sonra futbolçularımızda qorxu hiss etdim. Baş məşqçimizə güvənirəm. Amma bilmirəm onun qərarı nə olacaq. Hər şeyi soyuq başla düşünmək lazımdı".

Tomas Tuxel (PSJ-nin baş məşqçisi): "Bunu izah etmək asandı. İlk 30 dəqiqədə oyuna nəzarət bizdə olsa da, rəqibə 2 qol hədiyyə etdik. Birinci hədiyyədən sonra soyuqqanlı oynadıq, xarakter göstərdik. çox qol şansımız oldu, rəqib isə hücum edə bilmirdi. Ancaq bunun fonunda ikinci qolu onlar vurdu. PSJ matça diktə edən tərəf oldu. Bu, gülməli hesabdı. İkinci hissədə isə "Mançester Yunayted"in bir dəfə də olsun qol imkanı olmadı. Fransa Liqa Kubokunda "Genqam"a uduzduğumuz zaman eyni hissləri keçirmişdim. "Mançester Yunayted"in bura qələbə üçün gəldiyini hiss etmədim. Ancaq onlar bunu etdilər".

Tiaqo Silva (PSJ-nin müdafiəçisi): "Danışmaq çox çətindi. Bu təhqirdi. Səfərdə çox yaxşı çıxış etmişdik. Ancaq evdə bunu təkrarlaya bilmədik. Matçdan əvvəl danışdığımız kimi olmadı. Yaxşı sürət yığmışdıq, ancaq hər şey bu mərhələdə başa çatdı. Bu gün bizdə heç nə alınmadı. Azarkeşlərdən bizi bağışlamağı xahiş edirəm".

Markinyoş (PSJ-nin müdafiəçisi): "Oyunun bu həddə çatması yolverilməzdi. Erkən qol buraxmaq çətin an idi. Hər şeyi xırda detallar həll etdi. Braziliyada deyildiyi kimi, bədbəxtlik anıdı".

Ole-Qunnar Sulşer ("Mançester Yunayted"in baş məşqçisi): "Fantastika. Uşaqlar möhtəşəm idilər. Oyuna əla başlanğıc etdik. Erkən qol planlaşdırmışdıq, ancaq bunun 2-ci dəqiqədə gələcəyini gözləmirdik. Bununla oyunu açdıq və daha çox qol vurmağa çalışdıq. Reşfordla Lukaku əla çıxış etdilər. Bura çempionlar Liqasıdı. Biz dünən "Real" - "Ayaks" oyununu birlikdə izləmişdik. Deyəsən, PSJ ilə matçda da eyni ssenari yaşandı. Əvvəlki mövsümlərdə "Yuventus"la "Real", həmçinin PSJ ilə "Barselona"nın oyunlarında geridönüş olmuşdu. Biz də "comeback" komandasıyıq, çünki "Mançester Yunayted"ik".

Romelu Lukaku ("Mançester Yunayted"in hücumçusu): "Oyundan bir gün əvvəl özümüzə çox arxayın idik. Reşfordla danışırdıq ki, birlikdə yaxşı çıxış edə bilərik. Onunla meydanda yenidən tərəfdaşlıq etmək çox gözəl idi. Biz öncədən razılaşmışdıq ki, Markus pressinq edəndə ona dəstək verim".

Markus Reşford ("Mançester Yunayted"in hücumçusu): "Görüşdən əvvəl hər şey bizə qarşı idi. Ancaq buna öyrəşmişik. Dəyərli olduğumuzu göstərdik və lazım olan nəticəni qazandıq. Penalti zərbəsini vurarkən soyuqqanlılığımı qorumağa çalışdım. Hər gün bunun üzərində məşq edirəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest