Bu həftə çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq. Matc.az saytının məlumatına görə, daha 4 oyunun ardından son 1/4 finalçılar müəyyənləşəcək.

İlk gündə əsas diqqətlər Turinə yönələcək. Turnirin əsas favoritləri arasında göstərilən "Yuventus" sabah "Atletiko"nu qəbul edəcək. Birinci matçda İspaniyada rəqibinə 0:2 hesabı ilə yenilən italyanlar geri dönüş edəcəklərinə inanırlar. Görünür, "Ayaks", "Mançester Yunayted" və "Porto"nun ötən həftə "comeback" etməsi "Yuve"yə əlavə stimul verib.

Bunu komandanın futbolçularının açıqlamalarından sezmək mümkündü. Yalnız baş məşqçi Massimiliano Alleqri indidən mübarizəni dayandırmağa özünü hazırlaya bilib.

Massimiliano Alleqri (baş məşqçi): "Yuventus"a gəldiyim gündən bəri ən böyük hədəfimiz çempionlar Liqasını qazanmaq olub. Ancaq insanlar deyirlərsə ki, turnirdən kənarda qalmaq biabırçılıq olacaq, bununla razı deyiləm. çempionlar Liqasının səviyyəsi artıb. "Atletiko" ilə görüşdə əlimizdən gələni edəcəyik. Əgər onları keçə bilsək, əla olar. Əks təqdirdə, növbəti mövsüm bir daha cəhd edəcəyik. Hər il pley-offlara qalırıq. Əgər mübarizəni dayandırsaq, iki oyunun cəmində uduzsaq, rüsvayçılıq olmayacaq. Bu cür fikirlərə gülürəm. Bu mövsüm artıq iki titul qazanmışıq".

Voyçex Şesnı (qapıçı): "Hazırda yaxşı formadayıq. "Atletiko" ilə oyunda qələbə qazanmaq üçün səbirsizlənirəm. İlk görüşdə çox səhvlər etdik. Eyni anda həm müdafiədə, həm də hücumda yaxşı oynamaq vacibdi. Ancaq çox çətin olacaq. özümüzə güvənirik. ötən həftə keçirilən oyunlar göstərdi ki, heç nə bitməyib. "Ayaks" evdə uduzduğu "Real"a səfərdə qalib gəldi. Eyni hadisə "Mançester Yunayted"lə PSJ-nin oyununda da yaşandı. Bunu niyə biz də təkrarlamayaq?"

Kriştianu Ronaldo (hücumçu): "Atletiko" güclü komandadı, bunu hamı bilir. Onlar yaxşı müdafiə olunur, risk etimirlər və hücumlardan istifadə edirlər. Ancaq biz də qələbə qazanmaq üçün hər şeyə hazırıq. Niyyətimiz 1/4 finala adlamaqdı. Heç kim ilk oyunda uduzmağımızı gözləmirdi. Futbolda belə hallar olur. Əla mövsüm keçiririk və iki turnirdə mübarizəni davam etdiririk. Portuqaliya, İngiltərə və İspaniyadan sonra İtaliyada da qollar vurmaqdan, komandaya xeyir verməkdən məmnunam".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest