çempionlar Liqasında (çL) 1/8 final mərhələsinə dünən keçirilən iki oyunla yekun vurulub. Matc.az saytı xəbər verir ki, "Liverpul" səfərdə "Bavariya"ya (3:1), "Barselona" isə evdə "Lion"a (5:1) qalib gələrək, mübarizəni davam etdirib.

Baş tutan qarşılaşmaların ardından bir çox maraqlı statistik məqamlar üzə çıxıb. Onların bəziləri ilə sizi tanış edirik...

- "Bavariya" 8 ildən sonra ilk dəfə çL-də 1/4 final üzü görməyib. Komanda sonuncu dəfə 2010-11 mövsümünün ilk pley-off duelində "İnter"ə (1:0, 2:3) yenilmişdi.

- Manuel Noyer "Bavariya"nın heyətində çempionlar Liqasında 100-cü oyununa çıxıb. Ona qədər yalnız Filipp Lam, Tomas Müller və Oliver Kan buna nail olub. Qolkiper 100 oyunluq həddə çatan 4-cü alman olub. Noyer yalnız Lam (112 oyun), Müller (105) və Kandan (103) geri qalır.

- "Liverpul"un kapitanı Ceyms Milner görüşü 1 assistlə tamamlayıb. Bu, 33 yaşlı yarımmüdafiəçinin son iki mövsüm çempionlar Liqasında 10-cu məhsuldar ötürməsi olub. Bu göstərici ilə o, liderdi.

- "Alyanz-Arena"da güclü rəqibinə qalib gələn "Liverpul" ardıcıl ikinci dəfə 1/4 finala adlayıb.

- "Liverpul"un mərkəz müdafiəçisi Vircil van Dayk dünənki görüşdə 1 qol, 1 məhsuldar ötürmyə imza atıb. O, cari mövsüm bunu bacaran ilk mərkəz müdafiəçisi olub. Bundan əlavə, hollandiyalı son 4 matçda 3 qola imza atıb. Van Dayk eyni zamanda 2007-ci ildən bəri "Liverpul"da ilk dəfə çL-in səfər görüşündə qol və assist edən oyunçu olub.

- "Barselona" evdə ən uzun müddət məğlub olmamaqla "Bavariya"nın rekordunu yeniləyib. Kataloniya təmsilçisi qitənin ən nüfuzlu turnirində ardıcıl 30-cu dəfədi ki, "Nou Kamp"da yenilmir - 27 qələbə, 3 heç-heçə. "Bavariya" 1998-2002-ci illərdə ardıcıl 29 ev matçında uduzmamışdı.

- "Barselona" ardıcıl 12-ci dəfə 1/4 finala adlayıb.

- "Barselona"nın kapitanı Lionel Messi çempionlar Liqasında 131-ci oyununu keçirib. Bununla argentinalı keçmiş komanda yoldaşı Andres İnyestanı geridə qoyaraq, ikinci yerə yüksəlib. Kataloniya klubunda rekord Xaviyə (151 oyun) məxsusdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest