çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib. Matc.az saytının məlumatına görə, dünən keçirilən ilk oyunlarda meydan sahibləri qələbəyə seviniblər.

Belə ki, "Tottenhem" "Mançester Siti"ni (1:0), "Liverpul" isə "Portu"nu (2:0) məğlub edib. Qarşılaşmalardan sonra baş məşqçilər və futbolçular fikirlərini bölüşüb...

Yurgen Klopp ("Liverpul"un baş məşqçisi): "Qarşıda bizi ağır cavab oyunu gözləsə də, xoşbəxtəm. İki gözəl qol vurduq, oyuna nəzarət etdik. 2:0 çox yaxşı nəticədi. Qapının toxunulmazlığını da qorumağı bacardıq. Vurduğumuz ikinci qol isə dünya səviyyəlidi. Komandam əla kombinasiya qurdu. İkinci hissədə bir qədər ritmi itirdik, rəqib qapısına çox yaxınlaşa bilmədik. "Portu" müdafiəçilərinin arxasına topu daha tez atmaq lazım idi. Lakin tənqid etmək üçün heç bir əsas yoxdu. İlk oyundaca yarımfinala vəsiqəni təmin etməyəcəyimizi bilirdik. İndi Portuqaliyada "isti" qarşılanmaya hazır olmalıyıq".

Cordan Henderson ("Liverpul"un yarımmüdafiəçisi): "Portu" yaxşı komandadı, əla oyunçuları var. Gördüyünüz kimi, onlar çox təhlükəli idilər. Biz ikinci hissədə meydana daxil olanda niyyətimiz daha 1 və ya 2 qol vurmaq idi. Ancaq bunu edə bilmədik. çox qol vəziyyəti yaratdıq. Yenə də nəticədən razı qalmalıyıq".

Serjio Konseysao ("Portu"nun baş məşqçisi): "Hələ mübarizənin yarısı geridə qalıb. "Draqao"da da 90 dəqiqəlik oyun olacaq. Orda vəziyyəti dəyişmək və növbəti mərhələyə adlamaq üçün əlimizdən gələni edəcəyik. Oyuna yaxşı başladıq və təsadüfi qol buraxdıq. İkinci qol isə fərdi səhv nəticəsində oldu. İlk 30 dəqiqə bizim üçün uğursuz alınsa da, sonradan qol vəziyyətləri yaratmağı bacardıq. İkinci hissədə daha yaxşı idik və qol vəziyyətlərimiz oldu. Təəssüf ki, qol vura bilmədik. "Draqao"da hər kəsin köməyinə ehtiyacımız olacaq. Bu cütlükdə hələ heç nə bitməyib".

Aleks Telleş ("Portu"nun müdafiəçisi): "Nəticəni müsbət saymaq olmaz. Amma şans qalır. İstədiyimiz kimi keçmədi. Digər tərəfdən isə belə güclü rəqibə qarşı oynaya bildiyimizi göstərdik. Onlar bizimlə görüşün çətinliklərini bilirdilər. Meydanı məyus tərk etdik, ancaq hələ nəfəs alırıq. Əvvəlki mərhələdə də ilk oyunda uduzub, cavab matçında qələbə qazanmışdıq. özümüzə inamı itirmirik, öz meydanımızda sona qədər mübarizə aparacağıq".

Mauritsio Poçettino ("Tottenhem"in baş məşqçisi): "İnanılmaz oyun oldu. çox çətin alındı. Ancaq cavab görüşü öncəsi yüksək səviyyədə çıxış etməyimiz məni sevindirdi. Yaxşı oynadıq, ancaq hələ 90 dəqiqəmiz var. Fikrimcə, rəqibin qola çevirə bilmədiyi penalti zərbəsi futbolçularıma əlavə özünəinam verdi. Bunun nəticəyə ciddi təsir göstərdiyini düşünürəm. Qalib gəlsək də, istənilən halda "Mançester Siti" cütlüyün favoritidi".

Hyun Min Son ("Tottenhem"in yarımmüdafiəçisi): "Tottenhem" 90 dəqiqə ərzində təslim olmayan və "döyüşən" komandadı. Fikrimcə, bu gün qələbəyə layiq idik. Nəticədə rəqibdən daha dəqiq olduq. Yeni stadion əladı, burda oynamaq çox xoşdu. Bizə belə arenada oynamaq şəraiti yaradanlara təşəkkür edirəm".

Pep Qvardiola ("Mançester Siti"nin baş məşqçisi): "ötən mövsüm hər şey daha pis idi. "Liverpul"la çL oyununu nəzərdə tuturam. Bu gün topa nəzarət bizdə idi və bir neçə qol imkanımız oldu. Rəqib standart vəziyyətlər və əks-hücumlar zamanı təhlükə yaratmağa çalışırdı. Qol vursaydıq, məmnun qalardım. Ancaq bununla razılaşmalıyıq. Zəif oynadığımız zaman bunu açıq deyirəm. Ancaq bu gün məndə zəif çıxış etdik kimi bir hiss yoxdu. "Tottenhem" təzyiq göstərən komandadı. Bu dəfə eyni pressinqi edə bilmədilər. Xüsusən də, ikinci hissədə bunu görmədim. çünki topla rəqibin qapısı önündə boşluqlar axtarırdıq".

Riyad Marez ("Mançester Siti"nin baş məşqçisi): "Hələ heç nə itirməmişik. Bunlar futbolun ayrılmaq hissəsidi. Hesab edirəm ki, hər iki komanda bacarığını tam nümayiş etdirmədi. İkinci hissəni biz daha yaxşı keçirdik, ancaq qolu rəqib vurdu. Bu da cavab matçı ilə bağlı düşüncəmizi dəyişməyəcək. Heç bir fəlakət baş verməyib, həmişəki kimi oynayacağıq. Sərfəli nəticə üçün əlimizdən gələni edəcəyik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest