çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunları geridə qalıb. Matc.az saytının məlumatına görə, dünən daha 2 görüş keçirilib.

"Barselona" İngiltərədə "Mançester Yunayted" üzərində minimalhesablı qələbə (1:0) qazanıbsa, "Yuventus" Hollandiyadan sərfəli bərabərliklə (1:1) qayıdıb.

Oyunlardan sonra komandaların baş məşqçiləri və futbolçuları fikirlərini bildirib.

Ole-Qunnar Sulşer ("Mançester Yunayted"in baş məşqçisi): "Oyuna əsəbi başladıq, topla səliqəli oynamadıq və rəqibin qapısına yaxınlaşa bilmədik. Qol buraxdıqdan sonra daha yaxşı çıxış etdik, bəzi futbolçulara mükəmməl qiymət verə bilərəm. Bəzi epizodlarda özümü əsl "Mançester Yunayted"li kimi hiss etdim. Bəzən şanslardan yararlanarsan, bəzən yox. "Barselona" ilə qarşılaşırsansa, topsuz da hərəkət etməyi bacarmalısan. Bu üzdən yorucu mübarizə oldu. Messi fantastikadı. Onu dayandırdığımız üçün böyük iş gördüyümüzü deyə bilərəm. Bəzi detalların üzərində işləyəcək və "Nou Kamp"a qələbə dalınca gedəcəyik".

Romelu Lukaku ("Mançester Yunayted"in hücumçusu): "Gələn həftə qələbə qazanacağımıza ümid edirəm. Bunun üçün bizə özünəinam və ehtiras lazımdı. Topla daha etibarlı davranmalıyıq. Rəqib fürsət tapdı və qol vurdu. 1/8 finaldakı kimi geridönüş edə bilərikmi? "Barselona" başqa səviyyədi. Onların təcrübəsi PSJ-dən böyükdü".

Ernesto Valverde ("Barselona"nın baş məşqçisi): "Oyun çox yüksək tempdə keçdi. Bəzən matça nəzarət bizdə olurdu. Ancaq rəqib pressinqlə irəli çıxmağa imkan vermirdi. Pike həmişəki kimi, yüksək səviyyədə çıxışını davam etdirir. Bu cür rəqib önündə müdafiədə etibarlı çıxış etmək lazım idi. 0:1 hələ hər şeyi həll etməyib. Ola bilsin ki, "Hueska" ilə oyuna bəzi dəyişikliklərlə çıxdıq. Smoillinqlə olan epizod isə Messiyə çox pis təsir etdi. Zərbə sərt idi. Görək həkimlərin qərarı nə olacaq".

Nelson Semedo ("Barselona"nın müdafiəçisi): "Meydanın bizə aid hissəsində topu itirdiyimiz zaman rəqib təhlükəli hücumlar edirdi. Ancaq tezliklə bu səhvləri etməməyə başladıq. Bu da qələbə qazanmağımıza kömək oldu. Bir həftə sonra da qələbə üçün meydana çıxacağıq. Bizim üçün bu cütlükdə hesab hələ də 0:0-dı".

Erik Ten Haq ("Ayaks"ın baş məşqçisi): "Açığı, bu, öz meydanımızda gözlədiyimiz nəticə deyil. Ancaq 1:1 də yaxşı hesabdı. Əvvəlki mərhələdə evdə "Real"a məğlub olmuş, cavab görüşündə qələbə qazanmışdıq. Hələ hər şey mümkündü. Oyuna və topa uzun müddət nəzarət bizdə oldu, qol vurmaq üçün bir neçə əla şans yaratdıq. "Yuventus" sürətli əks-hücumlara keçə bilir. Bu səbəbdən hər səhv qapımız qarşısında təhlükəli vəziyyətə gətirib çıxarırdı. Qolu da belə buraxdıq. Fasilədə oyunçularıma dedim ki, hücumların kəsərini artırsınlar, pressinq tətbiq etsinlər, rəqib səhvə yol verəcək".

Frenki de Yonq ("Ayaks"ın yarımmüdafiəçisi): "İlk hissənin sonlarında qol buraxmaq bizi üzdü. İkinci hissəyə güclü başladıq və dərhal hesabı bərabərləşdirdik. 1:1 hesabı da pis deyil. Cavab görüşündə yaxşı şansımız olacaq. Təəssüf ki, Talyafiko cavab matçını buraxacaq. Ancaq bizdə özünü sübut edəcək oyunçu çoxdu. Əgər Madriddəki kimi cəsarətli oynasaq, qələbə qazanmaq şansımız çox olacaq. çempionlar Liqasında hazırkı mərhələyə qədər uğurlu çıxış edirik. Hələ heç nə bitməyib".

Massiliano Alleqri ("Yuventus"un baş məşqçisi): "Əminəm ki, Ruqani İtaliyanın ən yaxşı müdafiəçilərindən biri olacaq. Müdafiədə özünəməxsus hərəkət edir. Ancaq bəzi nüansları yaxşılaşdırmaq lazımdı. Fasilədən dərhal sonra qol buraxmaq bizim üçün gözlənilməz oldu. Bu qol "Ayaks"ın özünəinamını artırdı, biz isə təəccüb içində qaldıq. Bu gün daha çox texniki bacarığı üstün olan oyunçulara şans verdim. çünki təzyiqi texniki üstünlüklə yox etmək mümkün olur. "Ayaks"ın, xüsusən də, de Yonqun hücumlar zamanı hərəkətliliyini dayandırmaq vacibdi. O, komandanın hücumlarını yüksək səviyyədə başladır"

Aleks Sandro ("Yuventus"un müdafiəçisi): "Bilirdik ki, burda çətin olacaq, çünki "Ayaks" yaxşı futbol oynayır. Rəqib bir növ bizə bənzəyir. Topa daha çox sahib olmağa çalışdıq. Fikrimcə, pis oyun olmadı. Təəssüf ki, Duqlas Kostanın zərbəsi qolla nəticələnmədi. O, buna layiq idi. Turnirin bu mərhələsində proqnoz vermək çox çətindi. "Ayaks" istedadlı uşaqlardan təşkil olunub. İşimizə diqqətlə yanaşmalıyıq. Hər matçın öz hekayəsi var. Hesab edirəm ki, "Atletiko" ilə cavab görüşündəki kimi, hətta ondan da yaxşı oynamalıyıq. İstənilən halda səfərdə qol vurduğumuz üçün nəticə bizim üçün ürəkaçandı".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest