“Qarabağ”ın sabiq müdafiəçisi Zaur Həşimovun matc.az saytına müsahibəsi

- “Qarabağ” cavab görüşündə də “Bayer”ə layiqli müqavimət göstərsə də, Avropa Liqasında mübarizəni dayandırmaq məcburiyyətində qaldı. Oyunla və komandamızın cari mövsümdə avrokuboklardakı ümumi çıxışı barədə nə deyə bilərsiniz?

- Əvvəlcədən gözlənildiyi kimi, çox gərgin və maraqlı oyun alındı. “Qarabağ” mübarizəni dayandırsa da, bunu çox ləyaqətlə etdi. Meydanda son gücünə qədər döyüşən, azarkeşlərə həyəcan yaşadan bir “Qarabağ” var idi. Bu oyunda qırılma nöqtəsi Elvinin qırmızı vərəqə alması oldu. “Bayer” kimi usta komanda rəqibin azlıqda qalmasından maksimum istifadə etdi. “Qarabağ” bu mövsüm keçirdiyi bütün avrokubok oyunlarında azarkeşlərə həyəcan yaşatdı.

- Elvin Cəfərquliyevin qırmızı vərəqə aldığı epizoda şərh verərdiniz…

- Bəlkə də, hakimlər qaydalara uyğun addım atdılar. Amma fikrimcə, “Bayer”ə bir az simpatiya var idi. Bu cür matçda, belə hesabda davam edən oyunda eyni situasiyada “Bayer”in oyunçusu qaydanı pozsaydı, əminəm ki, ona qırmızı vərəqə verilməyəcəkdi.

- Rəqibin heyətində Patrik Şik hər iki oyunda sözünü dedi. Onun qarşısını niyə kəsə bilmədik?

- Patrik Şik hər iki oyunda meydana sonradan daxil oldu. Onun “Bayer”də çıxış etməsi artıq yaxşı futbolçu olması deməkdi. Şikin fərqləndiyi dəqiqələrdə “Qarabağ”ın müdafiəçilərinin yorulduğunu da söyləmək lazımdı. Üstəlik, son 25 dəqiqəni azlıqda keçirən komandaya qarşı daha gümrah oyunçunun fərqlənməsi normaldı.

- "Qarabağ" heyətini bir qədər də gücləndirsə, avrokubokların növbəti mövsümündə daha da irəli gedə bilər?

- Hazırkı “Qarabağ”da artıq bir sistem və özgüvən formalaşıb. Hər dəfə aparıcı oyunçular “Qarabağ”dan gedəndə elə düşünürük ki, komanda zəifləyəcək. Amma zaman göstərir ki, “Qarabağ”da qurulan iş sistematikdi. Əlbəttə, daha güclü oyunçular daha güclü “Qarabağ” deməkdi. Bugünkü “Qarabağ”ın memarı Qurban Qurbanovdu. Gələn mövsüm daha təcrübəli, daha inamlı olacaqlar.

- Qurban Qurbanovun artıq Avropada işləməsinin vaxtı çatmayıb? Yoxsa onun "Qarabağ"da qalmalı və bu klubla daha böyük uğura imza atmalı olduğunu düşünürsünüz?

- Bu, Qurban müəllimin özünə veriləsi sualdı. Mənim fikrimcə, Qurban Qurbanovun bilik və bacarıqlarından tək “Qarabağ” yox, ölkə futbolu da faydalana bilər. Mən onun ölkəmizin futbol uğurları üçün çalışmasını istərdim.

- Qurban Qurbanov öz işi, nəticələri və ən əsası kluba avrokuboklarda böyük məbləğdə gəlir gətirməsi ilə bu illər ərzində "Qarabağ"ın büdcəsinin artmasına zəmin yaratdı. Ancaq hələ də Ağdam klubunun büdcəsi Avropanın heç ortabab komandaları ilə müqayisə olunacaq dərəcədə deyil. Son uğurlardan, "Qarabağ"ı büdcə baxımından fantastik dərəcədə üstələyən "Bayer"ə qarşı 2 möhtəşəm oyundan sonra klubun büdcəsi artırılmalı deyilmi?

- Hər klubun öz transfer siyasəti, nəzərdə tutduğu büdcə var. Bu gün bu siyasət “Qarabağ”da özünü sübut edir. Biz “Bayer” səddini aşmaq istəyiriksə, Bundesliqa kimi çempionatımız olmalıdı. Avroliqada 1/4 və final həyəcanı yaşamaq üçün “Qarabağ” hər həftə ölkə çempionatında ağır oyunlara çıxmalıdı. Ondan sonra ölkəmizə tanınmış futbolçular da gələcək. “Qarabağ”ın böyük məbləğ ödəmək istədiyi oyunçular çox olub. Onlar çempionatımızın səviyyəsinə görə Azərbaycana gəlmirlər. Böyük uğurlar istəyiriksə, böyük işlər görmək lazımdı. Futbolda uğuru yalnız “Qarabağ”dan gözləmək düzgün yanaşma deyil.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest