çempionlar Liqasının 1/4 final mərhələsinin dünən keçirilən oyunlarından sonra bütün yarımfinalçılar bəlli olub. Matc.az saytının məlumatına görə, "Portu" - "Liverpul" (1:4) və "Mançester Siti" - "Tottenhem" (4:3) qarşılaşmalarının ardından ikincilər yollarına davam edib.

Baş tutan oyunlarda maraqlı statistik göstəricilər də ortaya çıxıb. "Portu"ya səfərdə böyük hesabla qalib gələn "Liverpul"da hücum "trio"su Sadio Mane - Məhəmməd Salah - Roberto Firmino hərəyə 1 dəfə fərqlənib. Bununla adıçəkilən oyunçuların hər biri "qırmızılar"ın heyətində avrokuboklardakı qollarının sayını 14-ə çatdırıb. "üçlük" "Liverpul"un əfsanəvi hücumçusu Yan Raşa çatıb və hazırda ikinci pilləni bölüşürlər. Bu baxımdan rekord sabiq kapitan Stiven Cerrarda məxsusdu. Onun aktivində çL-də 21 qol var.

"Mançester Siti" ilə oyunların qəhrəmanı olan "Tottenhem"in yarımmüdafiəçisi Hun Min Son evə 1, səfərdə isə 2 qolla yadda qalıb. çempionlar Liqasında aktivindəki qolların sayını 12-yə çatdıran Son ən məhsuldar asiyalı futbolçu kimi tarixə düşüb. O, dünənki oyunda (3:4) dubl edərək, Kiyev "Dinamo"sunun sabiq forvardı Maksim Şatskixi geridə qoyub. Son bu mövsüm çL-də 4 dəfə rəqib qapılarına yol tapıb.

İlk hissəsi bol qollu alınan dünənki matçda "Mançester Siti" fasiləyə 3:2 hesabı ilə öndə yollanmışdı. Bununla "Tottenhem" 2015-ci ildən sonra ilk dəfə birinci hissədə qapısında 3 top görüb. Sonuncu dəfə 4 il əvvəl "Mançester Yunayted" London klubu ilə görüşün fasiləsinə 3:0 hesabı ilə öndə yollanmışdı.

Oyunda ilk qolun müəllifi olan Rahim Sterlinq "Mançester Siti"nin tarixinə düşüb. Belə ki, o, 3 dəqiqə 51-ci saniyədə fərqlənib ki, bu, "şəhərlilər"in çempionlar Liqası tarixində ən erkən qolu olub.

"Mançester Siti"nin 4-cü qolunun müəllifi olan hücumçu Serxio Aquero isə karyerasında ilk dəfə bu turnirin 1/4 finalında qol sevinci yaşayıb. O, indiyə qədər nə İngiltərə klubunun, nə də "Atletiko"nun heyətində bu mərhələdə fərqlənə bilib.

Qeyd edək ki, çempionlar Liqasının yarımfinal mərhələsində "Tottenhem" "Ayaks"la, "Liverpul" isə "Barselona" ilə qarşılaşacaq. İlk oyunlar 30 aprel - 1 may, cavab görüşləri isə 7-8 mayda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest