“Kəpəz”in müdafiəçisi Vurğun Hüseynovun matc.az saytına müsahibəsi

- Millinin oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilə “Kəpəz”in xeyrinə olacaq, ya ziyanına?

- Məncə, fasilə olmasa, daha yaxşı olardı. Çünki 3-cü dövrədə ən çox xal yığan komandalardan idik. Nə etmək olar, fasilənin yaranması bizdən asılı olan məsələ deyil. Komanda olaraq bu fasilədən maksimum istifadə etməyə çalışdıq. İnşallah, 4-cü dövrədə də lazımi xallar yığaraq liqada qalmağı təmin edərik.

- Növbəti tur çərçivəsində martın 29-da “Qarabağ”la qarşılaşacaqsınız. Liderdən xal almaq şansınız nə qədərdi?

- “Qarabağ”ın necə güclü komanda olduğunu hər kəs bilir. Aydın məsələdi ki, bizim üçün ağır oyun olacaq. Buna baxmayaraq, meydana yaxşı nəticəyə imza atmaq üçün çıxacağıq. Əzmkar mübarizə apararaq liderdən xal götürmək istəyirik. Şans hər zaman var. Əsas məsələ bundan istifadə edə bilməkdi.

- “Kəpəz”in bunaqədərki çıxışını necə qiymətləndirirsiniz? Üç dövrə ərzində topladığınız xalların sayı sizi qane edir, yoxsa daha çox xal toplaya bilərdiniz?

- Üçüncü dövrə bizim üçün yaxşı keçdi. Vacib xallar qazanaraq, xal ehtiyatımızı artırdıq. Təbii ki, daha çox xal yığa bilərdik. Amma 3-cü dövrədə yığdığımız 13 xal da bizim üçün çox yaxşı nəticədi.

- Mövsümün sonuna 9 tur qalmış “Qəbələ”ni 11 xal qabaqlayırsınız. “Kəpəz”in çempionatdakı yerini qoruduğunu indidən demək olar?

- Qətiyyən elə fikirləşmirik. Çünki 9 tur 27 xal deməkdi. Qarşıda bizi çox çətin oyunlar gözləyir. Çalışacağıq ki, 9 turda maksimum xallar toplayaq və Premyer Liqadakı yerimizi təmin edək.

- “Kəpəz” hazırkı baş məşqçisi və heyəti ilə növbəti mövsümdə iddiasını artıra, yuxarı pillələr uğrunda mübarizə apara bilər?

- Bu gün üçün əsas məqsədimiz liqada qalmaqdı. Bunu təmin edəndən sonra nə olacağını, hadisələrin necə cərəyan edəcəyini bilmirəm. Hər şeyi zaman göstərəcək. Tək onu deyə bilərəm ki, “Kəpəz” komandası və təmsil etdiyi Gəncə şəhəri daha yuxarı yerlərə layiqdir.

- Gələcək karyeranızla bağlı planınız necədi? Yayda hansı qərarı verəcəksiniz: “Kəpəz”də qalmaq, başqa kluba keçmək, yoxsa karyeranızı bitirmək?

- Fikrim var ki, karyeramı bitirim. Yəqin ki, karyeramı bitirdikdən sonra hansısa klubda məşqçiliyə başlayacağam.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest