çempionlar Liqasında bu gün yarımfinal mərhələsinin daha bir oyunu keçiriləcək. Matc.az saytının məlumatına görə, "Barselona" öz meydanında "Liverpul"u qəbul edəcək.

"Erkən final" öncəsi hər iki komandanın baş məşqçiləri və futbolçuları təəssüratlarını bölüşüblər...

Ernesto Valverde ("Barselona"nın baş məşqçisi): "Liverpul"un Premyer Liqada "Mançester Siti" ilə çempionluq uğrunda mübarizə apardığını bilirik. Onlar böyük hücumçulara malik möhkəm komadadı. Yüksək təzyiqlə və sürətli oynayırlar. Klopp "Borussiya"da da bunu edirdi. Bu mövsüm Premyer Liqada cəmi 1 oyunda uduzublar. Məhz bu məqam hansı gücə malik olduqlarını göstərir. Hər iki matçı yüksək səviyyədə keçirmək lazımdı. Messi özünü çox yaxşı hiss edir. Apreldə ona digərlərindən çox istirahət vermək imkanımız oldu. Son matçlarımıza 90 mindən çox azarkeş gəlir. Onların dəstəyinə yenə ehtiyacımız var və rəqib də bunu bilir. La Liqada çempion olduğumuz üçün şadıq. Bizdən fərqli, "Liverpul"un oyunçularına istirahət vermək limiti yoxdu. Ancaq bura çempionlar Liqasının yarımfinalıdı. Burda yorğunluq rol oynamır".

İvan Rakitiç ("Barselona"nın yarımmüdafiəçisi): "La Liqadakı çempionluqdan sonra bizdə özünəinam daha da artıb. Yarımfinal oyununu səbirsizliklə gözləyirik. Möhtəşəm keçən mövsümü ideal tamamlamaq istəyirik. Messi son 15 ildə 10-cu dəfə ölkə çempionu oldu. Ancaq yenə də kuboku böyük sevinclə başı üzərinə qaldırdı. O ki qaldı Kloppun fikirlərinə, məncə, futbolçularını gərginlikdən qurtarmaq üçün belə deyib. İstəyir ki, futbolçuları "Nou Kamp"ı sıradan bir stadion kimi qəbul etsinlər. Ancaq bu arenada matçlar fərqli olur. Burda digər stadionlardan fərqli atmosfer yaranır. Luis Suares üçün xüsusi oyunlar olacaq. Rəqibin heyətində isə dünyanın ən yaxşı müdafiəçilərindən biri var. Van Deykə böyük hörmət bəsləyirik. O, Premyer Liqada mövsümün oyunçusu seçildi. ümumiyyətlə, "Liverpul" müdafiədə etibarlı oynayır, boşluq buraxmır".

Filipp Koutinyo ("Barselona"nın yarımmüdafiəçisi): "İlk oyunu səbirsizliklə gözləyirəm. ümid edirəm ki, uğurlu görüş olar. Bundan başqa, yenidən "Enfild Roud"a qayıtmaq mənim üçün xüsusi olacaq. "Liverpul"da hər şey mənim üçün əla idi. çempionlar Liqası bizim əsas hədəfimizdi. Belə matçlara psixoloji cəhətdən hazırlıqlı olmalısan. "Liverpul" isə, xüsusən də, ev oyunları zamanı psixoloji cəhətdən möhkəm olur. Onlar hücumda möhtəşəmdilər. Bu üzdən diqqətli olmalıyıq. "Liverpul" təkcə güclü komanda deyil. Böyük klub olmaqla yanaşı, "Enfild Roud" sehrli atmosferə sahibdi".

Yurgen Klopp ("Liverpul"un baş məşqçisi): "Mən futbol fanatıyam və "Nou Kamp" barədə pis fikir səsləndirə bilmərəm. Burda ən yaxşı oyunumuzu sərgiləmək istəyirik. Biz daha yaxşı olduğumuz üçün atmosfer də emosional olacaq. Görək hansımız ev üstünlüyündən yararlana biləcək. Heç-heçə bizim üçün uğursuz nəticə olmayacaq. İki il əvvəl "Liverpul" çempionlar Liqasına vəsiqə uğrunda yarışırdı. İndi isə artıq yarımfinaldayıq. Firmino kollektivlə birlikdə məşq edir, onun barəsində qərarı oyun günü verəcəyik. O ki qaldı rəqibə, Messi hələ mövsümün əvvəlində kuboku qazanmaq istədiklərini demişdi. Bu, mənim üçün təhdiddi. Ancaq biz də finala çıxmaq istəyirik. ümumiyyətlə, oyununu gördüyüm futbolçular arasında Messi bir nömrədi. Atam həmişə Pelenin ən güclü olduğunu deyərdi. Ancaq mən onun oyununu görməmişəm, bu üzdən Messini ən yaxşı sayıram. Bəzən Messi üzərinə köklənməli olacağıq. Ancaq "Barselona"nın dünya səviyyəli daha 10 oyunçusu var. Onlardan Koutinyonu yenidən görmək əla olacaq. O, dünya səviyyəli futbolçudu. Amma onsuz da böyük işlər görə bilirik".

Endryu Robertson ("Liverpul"un müdafiəçisi): "Barselona"ya qarşı digər rəqiblərdən fərqli hazırlaşmağa ehtiyac olduğunu düşünmürəm. Təbii ki, adi deyil, dünya səviyyəli futbolçulara qarşı oynayacağıq. Onlar dünyanın ən yaxşılarıdı. Rəqibin heyətində Messiyə qarşı diqqətli olmaq lazımdı. O, meydanboyu hərəkətdə olur. Leo bəzən meydanın mərkəzinə qayıdır və anidən dərinlikdən hücum edir. Oyuna sağ cinahdan başlayacaq, amma hərəkətdə olur. Onun qapımız qarşısında təhlükəli anlar yaratması qaçılmazdı. Hər şey bizim necə müdafiə olunmağımızdan asılıdı".

Sadio Mane ("Liverpul"un hücumçusu): "ötən mövsüm dünyanın ən güclü klublarından birinə qarşı möhtəşəm çıxış etmişdik. Arzumuzu həyata keçirmək üçün yenə əlimdən gələni edəcəm. Firminonun sıraya dönməsi çox sevindiricidi. O, komanda üçün vacib oyunçudu. Keçmiş komanda yoldaşımız Koutinyo inanılmaz futbolçudu. Filipp "Barselona"ya gedəndə, hətta onu qısqanmışdım. O, hələ gəncdi və böyük işlər görəcək. "Nou Kamp" inanılmaz stadiondu. Uşaqlıqdan "Barselona"nın oyunlarını izləyirəm. Hamımız futbolu sevirik və bu arenada futbol oynamaq insana əlavə motivasiya verir".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest