çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyununda "Barselona" "Liverpul" üzərində böyükhesablı (3:0) qələbə qazanıb. Matc.az xəbər verir ki, Lionel Messinin dublu və Luis Suaresin 1 qolu Kataloniya klubunu finala bir addım yaxınlaşdırıb.

Oyundan sonra isə baş məşqçilər və futbolçular fikirlərini bölüşüb. Maraqlıdı ki, istər "Barselona", istərsə də "Liverpul" üzvləri meydandakı mübarizədən çox qarşılaşmanın qəhrəmanı Messi barədə danışıblar.

Ernesto Valverde ("Barselona"nın baş məşqçisi): "çox güclü komandaya qarşı gözəl nəticə qazandıq. Fasilədən sonra kiçik dəyişikliklər etdik və ikinci hissədə başqa şeylər üzərində çalışdıq. Hesaba heç vaxt fikir vermirəm. 1:1 də ola bilərdi. Hər şey oyunun gedişindən asılı olur. Bu gün döyüşmək məcburiyyətində qaldıq və qalib gəldik. Qol buraxmamaq üçün çox çalışmalı idik. "Liverpul" klass komandadı. 90 dəqiqə ərzində nələrlə qarşılaşacağımızı bilirdik. ötən mövsüm 1/4 finalda 3 top fərqini qoruya bilməyərək, mübarizəni dayandırdıq. Bu səbəbdən intriqa hələ yaşayır və "Liverpul" səfərdə həyatımızı çətinləşdirəcək. Messinin nələr edə biləcəyini bilirik. Ancaq o, bizi təəccübləndirməkdən əl çəkmir. O bizim kapitanımızdı, hansı ki, oyunun ritmini təyin edir. Yenə matçın nəticəsini müəyyənləşdirdi və bizi qələbəyə daşıdı. Növbəti dəfə komandanın lideri olduğunu sübut etdi. Cərimə zərbəsi çox uzaq məsafədən yerinə yetirilirdi. Düşünmürdüm ki, o, qapıya zərbə vuracaq. Bilmirəm bunu necə bacarır, ancaq ehtiyac olan zaman daim ortaya çıxır. Messi rəqiblərə daim qorxu yaşadır".

Lionel Messi ("Barselona"nın kapitanı): "Son saniyələrdə Dembelenin yaxşı imkanı oldu. 4:0 hesabı ilə qalib gəlmək daha gözəl olardı. Ancaq yenə də nəticə ürəyimizcədi. Bilirik ki, yarımfinal mərhələsinin taleyinə hələ aydınlıq gəlməyib. "Enfild Roud"da çox çətin oyun olacaq. Rəqib təzyiqlə üstümüzə gələcək. "Liverpul"un bu gün qol vurmaması çox vacib idi. İlk hissəni biz daha yaxşı keçirdik. Fasilədən sonra rəqib təzyiqi artırdı, ancaq çox qol imkanları olmadı. Onlar səfər qolu üçün çox çalışdılar. O ki qaldı cərimə zərbəsindən vurduğum qola, bəli, effektli alındı. Vura biləcəyimi hiss etdim, top qapıdan keçdiyi üçün şanslıyam. İndi mövsümün həlledici anıdı. Hamımız birləşməliyik. Hər hansı bir tənqidin vaxtı deyil, bir-birimizi dəstəkləməli və birlikdə finala yüksəlməliyik".

Xordi Alba ("Barselona"nın müdafiəçisi): "Komandada olan hər kəs öz rolunu bilirdi. Messi qolları və ötürmələri ilə nəticəni təyin etdi. O, inanılmazdı, unikaldı. Biz heç vaxt belə bir futbolçu görməyəcəyik. O, futbolda hərtərəfli unikaldı. O, bütün bunlarla birlikdə müdafiəyə də çəkilirsə, hamı müdafiəyə kömək etməlidi".

Arturo Vidal ("Barselona"nın yarımmüdafiəçisi): "Bu, mövsümün ən vacib oyunu idi. Mən də komandama kömək etmək üçün bütün gücümlə çalışdım. çempionlar Liqasının qalibi olmaq üçün hər şeyimi verməyə hazıram. ümid edirəm ki, finalda oynayacam. O ki qaldı Messiyə, o, hər zaman şou göstərir. Meydanda gördüyü işlər inanılmazdı".

Yurgen Klopp ("Liverpul"un baş məşqçisi): "Futbol belədi. Məqsəd qoldu: rəqib 3-nü vurdu, biz isə birini də edə bilmədik. Halbuki futbolçularım əla oyun göstərdilər. Lakin "Barselona"ya qol vurmaq üçün bir neçə epizod kifayət etdi. Oyunumuz xoşuma gəldi, ancaq nəticə arzuolunmazdı. Ağır nəticə olsa da, bunu qəbul edirik. "Barselona"ya böyük problemlər yaratdıq, buna görə xoş sözlərə layiqik. İkinci hissədə topla əla çıxış etdik. Hesabda geriyə düşdüyün zaman asan olmur. Fasilədə bunu müzakirə etdik və uşaqları daha yaxşı oynamağa çağırdıq. Futbolda hər şeyi qol həll edir. Belə rəqibə isə xırda fürsət də verməməlisən. Bilmirəm, biz daha yaxşı oynaya bilərdikmi? İkinci qolda top Messinin önünə düşdü və onun işi asan idi. Amma 3-cü qol gözəl alındı. Bütün bunlar bir təcrübədi, öyrənəcəyik".

Ceyms Milner ("Liverpul"un kapitanı): "Turnirin bu mərhələsində yalnız nəticə vacibdi. Ələ düşən imkanları dəyərləndirə bilsəydik, razı qalardıq. Ancaq bu, baş vermədi. Belə oyuna görə özümüzlə qürur duymalıyıq. Amma Messidən də bunları gözləyirdik. Cavab matçına müsbət motivasiyada çıxmalıyıq. Görək "Enfild Roud"da necə olacaq. Biz bütün gücümüzü ortaya qoyacağıq. Bu stadionda dəfələrlə inanılmaz hadisələr baş verib. Səfər qolu çox vacib idi. Rəqibin heyətində bu cür oyunçuların olduğunu nəzərə alsaq, evdə top buraxmamaq çətin olacaq. önümüzdə ağır döyüş var".

Vircil van Deyk ("Liverul"un müdafiəçisi): "Qəbul etmək lazımdı ki, Messi fantastik futbolçudu. Problem ondadı ki, biz hücuma atıldığımız zaman o, meydanın bir cinahında gizlənirdi. Ona qarşı daim ehtiyatlı olmalısınız. Bunların baş verə biləcəyini təxmin etmişdik. Başa düşürdük ki, böyük risk etməyə ehtiyac yoxdu. Biz topu itirən kimi, rəqib oyunçular Messini axtarırdılar. Bununla da işimizi çətinləşdirməyə çalışırdılar. Fikrimcə, argentinalı dünyanın ən güclüsüdü. O, çempionlar Liqası kimi böyük turnirdə nəticəni həll edə bilir".

Endryu Robertson ("Liverpul"un müdafiəçisi): "Messinin necə yaxşı olduğunu bilirik. O, dünyanın ən güclüsüdü. Ancaq fikrimcə, Leoya qarşı yaxşı oynadıq. İlk qolu boş qapıya vurdu. İkinci top isə dünya səviyyəsində oldu. O topun qarşısını almaq mümkün deyildi. Bənzər qolları artıq neçənci dəfədi vurur. Messi birinci səviyyəli futbolçudu. ümid edirəm ki, cavab matçında onu dayandıra biləcəyik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest