Topaz Premyer Liqasının XXVII turunda "Səbail" üzərində qələbə qazanaraq (4:0) çempionluğunu rəsmiləşdirən "Qarabağ" 2019-20 mövsümündə Azərbaycanı çempionlar Liqasında təmsil edəcək. Matc.az saytının məlumatına görə, Ağdam təmsilçisi mübarizəyə I təsnifat mərhələsindən qoşulacaq.

Qurban Qurbanovun yetirmələri ilk mərhələdə güclü komandaların qərarlaşdığı səpələnmişlər səbətində olacaq. Buna səbəb "köhlən atlar"ın yüksək əmsala malik olmasıdı. Hesabında 22,000 xal olan "Qarabağ", ümumiyyətlə, bu mərhələnin ən reytinqli klublarından biridi.

Azərbaycan çempionunun 7 potensial rəqibi də artıq bəllidi. I mərhələdə mübarizəyə qoşulacaq komandalardan 24-ü artıq bəllidisə, onlardan 6-sının hansı səbətdə qərarlaşacağı məlum deyil.

Səpələnmişlər: "Seltik" (Şotlandiya), BATE (Belarus), "Astana" (Qazaxıstan), APOEL (Kipr), "Qarabağ" (Azərbaycan), "Srvena Zvezda" (Serbiya), "Makkabi" (Təl Əviv, İsrail), "Şerif" (Moldova), "Rusenborq" (Norveç), HİK (Finlandiya), "Dundalk" (İrlandiya).

Səpələnməmişlər: "Ferensvaroş" (Macarstan), "Nomme Kalyu" (Estoniya), "Valur" (İslandiya), "Linfild" (Şimali İrlandiya), "HB Torshavn" (Farer adaları), "Riqa" (Latviya), "Saburtalo" (Gürcüstan).

Qeyri-müəyyənlər: TNS (Uels), "Şkendiya" (Makedoniya), "Slovan" (Slovakiya), AIK (İsveç), "Suduva" (Litva), "Valletta" (Malta).

Qeyd edək ki, çempionlar Liqasının I və II təsnifat mərhələlərinin püşkatma mərasimi iyunun 18-19-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest