NTD-nin baş məşqçisi Tahir Baxşıyev komandanın Azərbaycan Basketbol Liqasına hazırlığı haqda fikir bildirib. Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis klubun mətbuat xidmətinə danışıb.
"Biz artıq hazırlığa başlamışıq. Komandada beş yeni legioner var. Hamısı gənc oyunçulardır. Düşünürəm ki, liqada ən gənc komanda NTD olacaq. Bu uşaqlar böyüyəcəklər. Bizim üçün çətin olacaq. Bu il çempionat daha da güclənəcək. Ancaq həmişəki kimi özümüzü göstərmək üçün hər şeyi edəcəyik. İndi ağır məşqlər edirik. Bazar günü Qalen Smit bizə qoşulacaq. O, iş prinsiplərimizi bilir. Onun üçün daha asan olacaq. Tezliklə Əkbər Məmmədov da komandaya qoşulacaq. Hazırda gənc oyunçularla işləyirik. Hamı çalışır və mən də onlardan razıyam. Gələn həftədən etibarən tam heyətlə məşqlərə başlayacağıq”, - deyə Baxşıyev qeyd edib.
Yeni mövsümdən legioner limitinin dəyişəcəyini vurğulayan Baxşıyev qeyd edib ki, çempionat daha da güclənəcək: “Hətta son mövsüm autsayder olan klublar da çox artıracaqlar. İndi proqnoz verməkdə çətinlik çəkirəm. Avrokuboklarda çıxış edən "Sabah"dan başqa heç bir komanda haqqında ətraflı məlumatım yoxdu. Təbii ki, "Sabah" fərqlənir. Qalan klublar barədə hələ bir şey deyə bilmərəm. Çempionatın oyunları hər şeyi göstərəcək. Düşünürəm ki, bu çempionat daha möhtəşəm olacaq".
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümü oktyabrın 18-də başlayacaq.