Bu gün çempionlar Liqasında yarımfinal mərhələsinin ilk cavab görüşü keçiriləcək. Matc.az saytının məlumatına görə, "Liverpul" "Barselona"nı qəbul edəcək.

"Nou Kamp"da 0:3 hesabı ilə məğlub olan "mersisaydlılar", buna baxmayaraq, təslim olmaq fikrində deyil. Komandanın futbolçuları final şanslarının qaldığını düşünür.

Yurgen Klopp ("Liverpul"un baş məşqçisi): "Dünyanın ən güclü hücumçularından ikisi oynamayacaq və mərhələ adlamaq üçün bizə 4 qol lazımdı. Bu, həyatı bizim üçün asanlaşdırmır. Səfər oyunundakı nəticə heç də kömək etmədi. Qol vurmağa çox çalışdıq. İstənilən halda bunun əvəzini çıxmaq üçün mübarizə aparacağıq. Futbolda ümid hər zaman olur. Heç nədən 100 faiz əmin ola bilmirsən. Müsbət sonluq üçün çalışacağıq. Bizim planımız budu. Mərhələ adlasaq, möhtəşəm olar. Əgər bunu bacarmasaq, çempionlar Liqası ilə ən yaxşı şəkildə vidalaşacağıq. "Roma" ötən il "Barselona"nı məğlub edə bilib. Ancaq onlar səfərdə qol vurmuşdular, biz isə yox. Son 6 gündə 3-cü oyunumuz olacaq. "Barselona" bizdən fərqli, çempionat görüşünə ehtiyat qüvvə ilə çıxmışdı. Ancaq uşaqlar təslim olmayacaqlar. özümüzü "Roma" ilə müqayisə etmirik. Nələr olacağını birlikdə görəcəyik. 95 dəqiqəyə və ya daha uzun müddətlik mübarizəyə hazır olmaq lazımdı. Rəqibin heyətində Messi harda oynayırsa-oynasın, onu dayandırmaq çətindi. Əgər risk etsəniz, "Barselona" sizi cəzalandıracaq. Mükəmməl oynamalı və ehtiyatı əldən verməməliyik. Bu, əsl futbol bayramı olmalıdı. Ola bilsin ki, bu mövsüm çempionlar Liqasında son oyunumuz olacaq. Bu üzdən 90 dəqiqəlik mübarizədən həzz almalıyıq".

Cordan Henderson ("Liverpul"un kapitanı): "Bu mövsüm titula layiq çıxış etdik. Həm Premyer Liqa, həm də çempionlar Liqasında bunun üçün son ana qədər vuruşacağıq. Meydana kimin çıxmasından asılı olmayaraq, hamımız bir-birimizə güvənirik. Əlbəttə, "Barselona" ilə birinci oyunun nəticəsindən razı deyilik. Amma yenə də şansımızın olduğunu düşünürəm. Bunun üçün xarakter göstərmək lazımdı ki, bu da bizdə var. Belə çətinliklərdən, mübarizədən zövq alırıq. İstədiyimiz şəkildə çıxış edə bilirik. Uşaqlardan daha artığını istəyə bilmərəm. Hər kəs inanılmazdı. "Barselona" ilə cavab görüşü asan olmayacaq. Amma heç kim nə baş verəcəyini bilmir. Axmaq deyilik, başa düşürük ki, işimiz çətindi. Əminəm ki, hamı "Barselona"nı finalda görür. İnsanları yanıltmaq üçün "Enfild Roud"da döyüşəcəyik. Heç nəyə görə təəssüf etmirik. Ən azı 2 oyun var və maksimum dərəcədə diqqətli olmalıyıq".

Deyan Lovren ("Liverpul"un müdafiəçisi): "Artıq hər kəs "Liverpul"u siyahıdan silib. "Enfild Roud" bizim üçün əlavə motivasiya yeridi. Burda xüsusi bir iş görməyə çalışacağıq. Bizim böyük oyunçularımız var, hansı ki, əhəmiyyətli matçlarda özlərini göstərirlər. "Barselona" ilə oyun da belə matçlardan biridi. Ən yüksək keyfiyyətimizi ortaya qoymalıyıq. Elə buna görə də "Liverpul" unikal klubdu. İnsanlar bizi siyahıdan sildiyi zaman geridönüş üçün daha həvəsli oluruq. "Enfild Roud" çempionlar Liqası üçün sürpriz nəticələrin məkanıdı. Heç vaxt demirik ki, artıq hər şeyi itirmişik. 0:3 hesabı ciddi nəticədi. Ancaq dəfələrlə bu cür çətinliklərin öhdəsindən gələ bilmişik. ümid edirəm ki, bunu yenə təkrarlayacağıq".

Trent Aleksandr-Arnold ("Liverpul"un müdafiəçisi): "Bu mövsüm 3-dən çox qol vurduğumuz böyük oyunlar olub. Onu da nəzərə alaq ki, öz evimizdə oynayacağıq və bunun bizə köməyi olacaq. çətin olacağını başa düşürük, ancaq ümidimizi də üzmürük. Xüsusən də, "Enfild Roud"da hər şey mümkündü. Əlbəttə ki, bombardirlərimizin yoxluğu ciddi problemdi. Amma bu, digər oyunçulara qəhrəman olmaq imkanı verir. Hədəfimiz əvvəlcə "Barselona"nı, daha sonra isə çempionatda "Vulverhempton"u məğlub etməkdi. "Nou Kamp"da qəribə oyun oldu. Mövsümün ən yaxşı matçlarından birini keçirdik və böyük hesabla uduzduq. Messi yəqin ki, dünyanın ən güclü futbolçusudu. Biz ona ilk görüşdə 88 dəqiqə oynamaq imkanı vermədik. Amma Messi yenə xüsusi bir şey etməyi bacardı. Ona qarşı 90 dəqiqə diqqətli olmalısan. Axmaq görünməmək üçün ondan qorxmamalısan".

Ernesto Valverde ("Barselona"nın baş məşqçisi): "İlk oyundakı nəticəni unudaraq, cavab matçında nələr olacağını düşünməliyik. Bir həftə öncəki nəticəni düşünmək səhv olar. "Barselona" meydana final görüşü kimi çıxmalıdı. Bizə çətin olacaq. çünki rəqibin azarkeşlərinin gücünü bilirik. Oyuna nəzarət etmək vacibdi. Amma bəzən rəqib sizə bu imkanı vermir. "Liverpul"un da sürətli futbolçuları var. Bu üzdən nəzarəti əldən vermək istəmirik. Bütün gücümüzü ortaya qoyacağıq. Təbii ki, belə mərhələlərdə Salah kimi oyunçusunu itirməyi heç kim istəməz. Həmçinin Firmino da vacib futbolçudu. İstənilən məşqçi belə futbolçularının yoxluğundan narahatlıq keçirər. Amma "Liverpul" yenə də meydana qələbə üçün çıxacaq. Onlar bu mövsüm evdə cəmi bir dəfə uduzublar. Hesab edirəm ki, biz də meydanda rahat olmayacağıq. "Barselona" - PSJ oyununda hamı ikincilərin mərhələ adlayacağını düşünürdü, lakin "Barsa" 6 qol vurmuşdu. Bu səbəbdən ilk dəqiqələrdən etibarən mübarizə aparmaq vacibdi".

Luis Suares ("Barselona"nın hücumçusu): "Finala vəsiqənin çətin olduğunu bilirik. Başa düşürük ki, bu yolda daha bir güclü rəqiblə qarşılaşırıq. Ancaq onu da dərk edirik ki, öz silahlarımız var və bununla finala vəsiqə qazana bilərik. Bir həftə əvvəl ən yaxşı oyunlarımızdan birini keçirdik. İndi isə bundan da yaxşısını etməliyik. Rəqib ilk dəqiqələrdən təzyiq göstərəcək. Topu itirdiyimiz zaman dayanmamalıyıq. Düzdü, Salah və Firmino "Liverpul" üçün böyük itkidi. Ancaq onların yoxluğu rəqibin oyununu dəyişməyəcək. "Liverpul"un özünü yüksək səviyyədə göstərəcək başqa futbolçuları da var. Düşünmürəm ki, onlar bizim kimi komanda ilə qarşılaşmağa öyrəşiblər. Oyun mənim üçün xüsusi olacaq. Burda bir neçə möhtəşəm il keçirmişəm və onlara minnətdaram. İndi başqa bir nəhəng klubun formasını geyinirəm, ancaq "Liverpul"u daim gözəl xatirələrlə yada salıram. ötənilki "Roma" məğlubiyyəti bizə dərs olub. Artıq arxayınlaşmarıq. "Liverpul"un azarkeşi isə onun 12-ci oyunçusudu. Diqqətli olmalıyıq. "Enfild Roud"da qol vursam, bunu qeyd etməyəcəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest