Çempionlar Liqasının yarımfinal mərhələsində "Barselona"ya ilk oyunda məğlub olan (0:3) "Liverpul" cavab qarşılaşmasında möhtəşəm geridönüş edərək, 4:0 hesablı qələbə qazanıb. Matc.az saytının məlumatına görə, qarşılaşmadan sonra hər iki komandanın oyunçuları fikirlərini bölüşüb.

Bununla yanaşı, "Barselona"nın prezidenti Xosep Bartomeu da baş verənlərə münasibət bildirib.

Cordan Henderson ("Liverpul"un kapitanı): "Bu inanılmazdı. Çoxları bizə şans vermirdi. Çətin olacağını bilirdik, ancaq onu da başa düşürdük ki, mümkündü. "Enfild Roud"da xüsusi bir şey edəcəyimizə inanırdıq. Oyuna sürətli başladıq, erkən qolun çox köməyi oldu. Bu qol rəqibi gərginliyə saldı. Azarkeşlərə, oyunçulara baxın, hər şey özəldi".

Vircil van Deyk ("Liverpul"un müdafiəçisi): "Nyukasl"la ağır oyundan sonra çox vaxtımız yox idi. Ancaq mövsüm boyu belə məqamlara xüsusi hazırlaşmışıq. Hələ ilk oyundan sonra demişdim ki, nəticə pisdi, ancaq biz yaxşı oynadıq. Cavab görüşündəki çıxışımız fərqli deyildi. Yenə hücuma atıldıq, bu dəfə erkən qol vurduq. Məhz bu top oyunun axarını dəyişdi. Hətta qarşılaşmadan sonra da topu ayaqda saxlamağa gücümüz qalmışdı. Final fitindən sonra qələbəni azarkeşlərimizlə birlikdə qeyd etdik. Bu gün lazım olanda bütün komanda müdafiə olundu. Bütün gücümüzü ortaya qoyduq. Messini topsuz qoymaq üçün də əlimdən gələni etdim".

Trent Aleksander-Arnold ("Liverpul"un müdafiəçisi): "4-cü qoldakı ötürməm tamamilə instiktdi. Bu, ələ düşən nadir şanslardan biridi. Oriqi də topu qapıdan keçirməyə hazır idi. Ötürmə, bəlkə də, bir az qüvvətli alındı. Ancaq o, klass oyunçudu, bu gün də 2 qol vurdu. Oriqinin ikinci qolunu hamı xatırlayacaq".

Endryu Robertson ("Liverpul"un müdafiəçisi): "Finala kim adladı? Biz. Bu hər şeydən vacibdi. Veynaldum mənim yerimə meydana daxil oldu və 2 qol vurdu. Hazırda zədəm məni maraqlandırmır. İnsanlar bizi siyahıdan silmişdi, ancaq inanırdıq ki, yaxşı oyunla bunu bacararıq".

Divok Oriqi ("Liverpul"un hücumçusu): "Qələbədə komanda ruhu böyük rol oynadı. Çox yaxşı mübarizə apardıq, döyüşdük və bilirik ki, bu, xüsusi gecədi. Zədəli oyunçularımıza görə oynadıq. Hissləri sözlə ifadə etmək mümkün deyil. İnanılmaz gündü, biz döyüşdük. Hətta matçdan sonra ayağımda ağrılar da var idi. Əsas odu ki, finaldayıq".

Xosep Bartomeu ("Barselona"nın prezidenti): "İsti-isti danışmaq istəmirəm. Soyuq başla düşünmək lazımdı. Bunu izah etmək çətindi. Önümüzdə İspaniya Kral Kubokunun final görüşü var. Baş verənləri klub daxilində müzakirə edəcəyik. 4-cü qolu izah edə bilmirəm. Baş məşqçi və futbolçularla danışmamışam. Sakit olmalıyıq, çünki ölkə kubokunun finalı var. Sabahdan etibarən "Enfild Roud"da yaşananları dəyərləndirəcəyik".

Serxio Buskets ("Barselona"nın yarımmüdafiəçisi): "Liverpul" bizdən yaxşı idi, oyuna çox yaxşı başladı. Rəqib bizi böyük təzyiq altında saxladı, xüsusən də, hər iki hissənin əvvəllərində. Onlar qol vurduqca bizim işimiz daha da çətinləşirdi. Azarkeşlərdən üzr istəyirəm. Çünki bu, ikinci dəfədi yaşanır. İlk görüşdəki müsbət nəticədən sonra uduzmaq çox ağırdı. Bir qol vura bilsəydik, hər şey dəyişəcəkdi. Bunun üçün imkanlarımız da oldu".

Luis Suares ("Barselona"nın hücumçusu): "Buna görə özümüzü tənqid etməliyik. Eyni şeyi ikinci dəfədi yaşayırıq. Eyni səhvləri ikinci dəfə təkrarlamağa haqqımız yox idi. Bunu düşünmək və təhlil etmək üçün kifayət qədər vaxtımız var. "Liverpul" bu gün istədiyini etdi - erkən qol vurdu. Onlar ilk dəqiqədən sona qədər inandılar. Biz isə baş məşqçinin tapşırığına əsasən, birinci oyundakı kimi çıxış etdik. Baş verənlərə görə üzr istəyirik. Xüsusən də, 4-cü qolda uşaq kimi göründük. Çox ağrılı gecə oldu".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest