2019-20 mövsümündə Azərbaycanı çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın II təsnifat mərhələsində hansı səbətdə yer alacağı müəyyənləşib. Matc.az saytının məlumatına görə, Ağdam təmsilçisi II raundda da səpələnmiş komandalar arasında qərarlaşacaq.

Azərbaycan çempionu I mərhələdə güclülərin sırasında olacaq və rəqibini üstələyəcəyi təqdirdə, II mərhələdə də səpələnməmişlərdən biri ilə qarşılaşacaq. ölkə çempionları arasında hələlik cəmi 4 komandanın II mərhələdən mübarizəyə qoşulacağı dəqiqdi. Bunlar Makkabi "Təl-Əviv"i (İsrail), "Kopenhagen" (Danimarka), Zaqreb "Dinamo"su (Xorvatiya) və APOEL-di (Kipr). Onlardan yalnız "Makkabi"nin səbəti qeyri-müəyyəndi. Digərləri Azərbaycan çempionu ilə birlikdə güclülərin arasında olacaq.

Səpələnmişlərdə yer alacaq digər 6 klubun adına isə ilk mərhələnin oyunlarından sonra aydınlıq gələcək. I mərhələdə səpələnmişlərdə qərarlaşan komandalar yollarına davam etsə, "Qarabağ"ın növbəti rəqibi "Rusenborq" (Norveç), HİK (Finlandiya), "Dundalk" (İrlandiya), "Düdelanj" (Lüksemburq), "Şkendiya" (Makedoniya), TNS (Uels) və ya "Slovan" (Slovakiya) ola bilər.

Ağdam klubu II mərhələ səddini də aşsa, III raundda səpələnməmişlərdə qərarlaşacaq.

Qeyd edək ki, çempionlar Liqasının I və II təsnifat mərhələlərinin püşkatma mərasimi iyunun 18-19-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest