"Olimpiya Təsnifat Oyunları və Avropa çempionatında böyük şansımız var. Çünki, bu il oyunçularımızın əksəriyyəti xarici çempionatlarda uğurlu çıxış etdilər və yaxşı oyun təcrübəsi qazandılar"
"Bir neçə günlük Bakıda oldum. Bu müddət ərzində milli komandanın həkimləri və federasiyanın vitse-prezidenti Faiq Qarayevlə görüşdüm. Klublardakı çıxışımdan və qarşıda yığmamızı gözləyən yarışlardan danışdıq. Bu il yığmamızı çox güclü yarışlar - Qızıl Avropa Liqası, Olimpiya Təsnifat Oyunları və Avropa çempionatı gözləyir". Matc.az xəbər verir ki, bu sözlər millimizin voleybolçusu Polina Rəhimovaya məxsusdu.
Voleybol Federasiyasının feysbuk səhifəsinə açıqlama verən Rəhimova zədədən əziyyət çəkdiyini bildirib: "Bildiyiniz kimi böyük idman zədəsiz olmur. Təəssüflər olsun ki, mən də bu zədələr üzündən müalicə olunmalıyam. Mənim kimi millimizin bir neçə oyunçusu da zədələri üzündən komandamıza Qızıl Avropa Liqasında kömək edə bilməyəcək. Bu səbəbdən Qızıl Avropa Liqasında mübarizə aparacaq oyunçuların əksəriyyəti gənclər olacaq. Fikrimcə, Olimpiya Təsnifat Oyunları və Avropa çempionatında böyük şansımız var. çünki, bu il oyunçularımızın əksəriyyəti xarici çempionatlarda uğurlu çıxış etdilər və yaxşı oyun təcrübəsi qazandılar. Bu təcrübə komandamıza yaxşı nəticələr üçün kömək edəcək. Ən önəmlisi biz hər birimiz buna inanmalıyıq".
Rəhimova sonra azarkeşlərə səslənib: "Sizin dəstəyiniz bizlər üçün çox vacibdi və biz də sizləri sevindirmək üçün əlimizdən gələni edəcəyik".