AVRO-2020-nin seçmə mərhələsində bu gün Slovakiyanı qəbul edəcək Azərbaycan millisinin start heyəti böyük ölçüdə müəyyənləşib. Matc.az saytının əldə etdiyi məlumata görə, baş məşqçi Nikola Yurçeviç heyətdə bəzi dəyişikliklərə əl atıb.

Xorvatiyalı mütəxəssis üç gün əvvəl Macarıstana məğlub olan "11-lik"dən 3 futbolçunu ixtisar edib. Bunlar müdafiəçi Rahil Məmmədov, yarımmüdafiəçi Dmitri Nazarov və hücumçu Renat Dadaşovdu.

"Çərçivə"də yenə Səlahət Ağayev dayanacaq. Müdafiənin mərkəzində Bədavi Hüseynova bu dəfə Anton Krivotsyuk tərəfdaşlıq edəcək. Halbuki, Anton macarlarla qarşılaşmada sol cinahda mübarizə aparmışdı. Kapitan Maksim Medvedev öz mövqeyində dəyişilməz qalırsa, müdafiənin solu Şəhriyar Rəhimova həvalə ediləcək.

Müdafiə xətti ilə bağlı ən diqqətçəkən məqam Ukrayna Premyer Liqasında çıxış edən Pavel Paşayevin yenə ehtiyatda oturmasıdı.

4-3-3 taktiki sxeminə əl vurmayan Yurçeviçin orta sahədəki "üçlük"lə bağlı qərarı da müzakirəyə açıqdı. Belə ki, Qara Qarayev və Riçard Almeydaya bu dəfə Rəşad Eyubovun kömək etməsi yəqin ki, birmənalı qarşılanmayacaq. Hər halda, Eyubovla müqayisədə Emin Mahmudov daha istedadlı və keyfiyyətlidi.

Üç gün əvvəl sol insayd kimi çıxış edən Ramil Şeydayev bu dəfə hücumun sivri ucundakı yerində oynayacaq. Boşalan sol cinaha Macarıstanla qarşılaşmada sonradan meydana daxil olaraq oyunu canlandıran Ağabala Ramazanov layiq görüləcək. Hücumun sağında isə Mahir Emreli olacaq.

Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Slovakiya görüşü 20:00-da start götürəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest