“Mançester Yunayted”in sabiq müdafiəçisi Aksel Tuanzebe klubun onun onurğa zədəsinə düzgün reaksiya vermədiyini iddia edib.

Matc.az xəbər verir ki, hazırda “Börnli”də çıxış edən 27 yaşlı futbolçu Londondakı Ali Məhkəməyə 1 milyon funt sterlinqdən çox məbləğdə iddia ərizəsi təqdim edib. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb. O, itirilmiş karyera gəlirlərinə görə kompensasiya tələb edir.

İddiada “Mançester Yunayted” Tuanzebenin onurğasının arxa hissəsindəki sınıqlara görə tibbi səhlənkarlıqda ittiham olunur. Futbolçu bildirir ki, klubun bu səhlənkarlığı nəticəsində indi o, ağrılardan əziyyət çəkir və rahat oynaya bilmir.

Problemlər 2020-ci ilin yanvarında, Tuanzebenin onurğasının sol tərəfində sınıq aşkarlananda başlayıb. İddia ərizəsində qeyd olunur ki, klub MRT müayinəsinin nəticələrini lazımi qaydada şərh etməyib. Futbolçu ixtisaslı cərraha yönləndirilməli və sağalması üçün 12 həftə istirahət etməli olduğu halda, klub ona cəmi iki ay sonra meydana qayıtmağa icazə verib. Sənəddə bildirilir ki, futbolçuya adi rejimdə məşq etməyə və oynamasına şərait yaradıldığı üçün onun vəziyyəti daha da pisləşib. Halbuki vaxtında düzgün diaqnoz qoyulsaydı və müalicə təyin edilsəydi, bu qədər ciddi simptomlar yaranmazdı.

Nəticədə 2022-ci ilin iyuluna qədər zədə xroniki hal alıb və onurğanın sağ tərəfində əlavə sınıq inkişaf edib. Sənədlərdə o da qeyd olunur ki, futbolçu 2022-ci ildə “Napoli”yə icarəyə verildiyi vaxt oradakı həkim onun ağrılardan şikayət etməsinə baxmayaraq, müayinədə heç bir problem aşkarlamayıb.

Akademiyanın ən istedadlı yetirmələrindən biri sayılan Tuanzebe 2023-cü ildə “Mançester Yunayted”dən ayrılmağa məcbur qalıb. O, hələ də yüksək səviyyədə çıxış etsə də, karyerası zədələr səbəbindən ciddi şəkildə məhdudlaşıb. 27 yaşlı oyunlçu cəmi 142 oyun keçirə bilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest