Burundinin II Divizionunda çıxış edən "Les Qepye Dyu Lak" klubunun yarımmüdafiəçisi İgiranəza Ayme Qerik "Amasipiri" ilə keçirilən oyun zamanı faciəvi şəkildə vəfat edib.
Matc.az xəbər verir ki, hadisə yerində olan şahidlərin sözlərinə görə, futbolçunun ölümü matçın gedişində udduğu metal pul parçası səbəbindən baş verib.
Ayme Qerik Nqaraqa Milli Texniki Mərkəzində keçirilən qarşılaşmasında qəfil meydançaya yıxılıb. Tibbi briqadaların müdaxiləsinə baxmayaraq, futbolçu xəstəxanaya aparılarkən həyatını itirib. Burundi Futbol Federasiyası futbolçunun ailəsinə və onun klubuna başsağlığı mesajı yayımlayıb, lakin ölümün səbəbi ilə bağlı açıqlama verməyib.
Hadisə yerində olan bir neçə şahidin bildirdiyinə görə, səbəb yarımmüdafiəçinin ağzında saxladığı və təsadüfən udduğu metal pul olub.
"Radio Publique Africaine"in məlumatına görə, sözügedən metal pul müxtəlif sehr və cadugərlik ayinləri ilə əlaqəli olan bir “gris-gris” (amulet) olub. Futbolçu əvvəlki müsahibəsində bu cür praktikaya əl atmadığını desə də, Burundi futbolunda marabutlardan və xüsusi əşyalardan istifadə ilə bağlı vərdişlərin hələ də davam etdiyi qeyd olunur.












