Burundidə ikinci divizionun oyunu zamanı "Gepye-dyu-Lak" klubunun yarımmüdafiəçisi İqiranese Ayme Geriku vəfat edib.
Matc.az xəbər verir ki, bu barədə "Sport News Africa" nəşri məlumat yayıb.
Hadisə "Amasipiri" komandası ilə keçirilən qarşılaşma zamanı baş verib. Oyun gedişində futbolçu qəfil meydançaya yıxılıb. Tibbi heyət ona ilkin yardım göstərməyə çalışsa da, idmançı xəstəxanaya aparılarkən dünyasını dəyişib. Burundi Futbol Federasiyası faciə faktını təsdiqləyib, mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib. Lakin ölümün rəsmi səbəbini açıqlamayıb.
Yerli mənbələrin məlumatına görə, futbolçu talisman kimi istifadə etdiyi ehtimal olunan sikkəni udmuş ola bilər. Eyni zamanda "African Public Radio" nəşri bildirir ki, faciənin səbəbi pul deyil, bölgədə ənənəvi inanclarla əlaqələndirilən "qri-qri" adlı amulet ola bilər.
Futbolçunun ölümünün səbəbləri ilə bağlı yekun rəy istintaq başa çatdıqdan sonra aidiyyəti qurumlar tərəfindən açıqlanacaq.












