“Napoli”nin prezidenti Aurelio De Laurentis komandanın baş məşqçisi Antonio Kontəyə yeni müqavilə təklif etməyi planlaşdırır.

Matc.az xəbər verir ki, bu barədə tanınmış italiyalı jurnalist Nikolo Skira məlumat yayıb.

Neapolluların rəhbərliyi 56 yaşlı mütəxəssisin işindən tam razıdır və onunla maaşın əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tutan uzunmüddətli sözləşmə imzalamaq imkanını nəzərdən keçirir. Hazırda Kontenin İtaliya çempionu ilə qüvvədə olan müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Xatırladaq ki, Antonio Konte 2024-cü ilin yayında "Napoli"nin baş məşqçisi vəzifəsinə təyin olunub və komandanı çempion edib. Bundan əlavə, Neapol təmsilçisi onun rəhbərliyi altında İtaliya Superkubokunu da qazanıb.

Ümumilikdə Kontenin “Napoli”dəki fəaliyyəti dövründə komanda bütün turnirlərdə 65 oyun keçirib, 41 qələbə qazanıb, 12 dəfə heç-heçə edib və 12 məğlubiyyətlə üzləşib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest