Səudiyyə Ərəbistanı Pro Liqasının nümayəndələri “Barselona”nın hücumçusu Robert Levandovskiyə ciddi maraq göstərirlər.

Matc.az AS nəşrinə istinadən xəbər verir ki, polşalı futbolçuya ən azı iki mövsümlük müqavilə təklif oluna bilər ki, bu da maliyyə baxımından MLS-dən edilən son təklifdən daha sərfəlidir.

Levandovskinin “Barselona” ilə müqaviləsi 2025/26 mövsümünün sonunadək qüvvədədir. Onun gələcəyi agenti Pini Zahavinin Səudiyyə Premyer Liqası klubları ilə aparacağı danışıqlardan asılı olacaq. Yaxın Şərqə köçmək variantı 37 yaşlı forvard üçün kifayət qədər real və cəlbedici hesab olunur.

Ötən həftə Levandovski MLS təmsilçisi “Çikaqo Fayr”ın marağı ilə üzləşsə də, Amerika klubunun maliyyə şərtləri Səudiyyə Ərəbistanından gələn təkliflə müqayisədə xeyli zəifdir.

Təcrübəli oyunçu hazırda “Barselona”nın heyətində aparıcı rolunu itirib, son dövrlərdə yaşadığı fiziki problemlər isə Levandovskinin oyun vaxtını məhdudlaşdırıb. Polşa millisinin üzvü bu mövsüm “Barselona”nın heyətində 18 oyunda meydana çıxıb, 8 qol vurub və 2 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest