“Qarabağ”ın Çempionlar Liqasındakı son qələbəsi gündəmi necə dəyişmişdisə, “Kəpəz”ə məğlubiyyəti də eyni cür effekt verdi. Təbii ki, futbolda sürprizlər qaçılmazdır. “Ayntraxt” ilə oyunda Qurban Qurbanovun komandası necə təriflənmişdisə, Azər Bağırovun da “drujina”sı o formada ən xoş sözlərə layiqdir. “Kəpəz”in iki onilliyin arzuolunmaz statistikasını da yenilənməsi klub tarixi üçün vacib məqamdır.
Açığı, azarkeşlər, proqnozsevərlər bir yana ən sınanmış seyidlər və falçılar belə Gəncə klubunun qələbəsini dilinə gətirə bilməzdi. Amma klub tarixinə boylanaraq səsləndirilməsi nə qədər ağır olsa da, autsayder komandanın Bakıdakı qəhrəmanlığı xüsusi vurğulanmalıdı. Azər Bağırov bir daha göstərdi ki, işləyə bilir və ona yalnız dəstək olmaq lazımdı. Birmənalı, bu zəfər sürünən klubu indiki məqamda ən azı diziüstə qaldırmağa çalışan Bağırovun zəhmətidir. Və onun komandasının. Burada klub rəhbərliyinin zərrə qədər də olsun rolu yoxdur. Qələbədən-qələbəyə soyunub geyinmə otağında poz verən rəsmilər özlərini Azər bəyin gördüyü işə şərik qoşmasınlar.

“Razdevalka”dakı sonuncu fotoya baxanda klubun İdarə Heyətinin sədri, DTX tərəfindən həbs olunan Adnan Əhmədzənin ölkədəki ən yaxın adamı Adil Vəliyevi yenə görmədik. Gözlənilməz oldu? Əslində yox! Yaxşı bir atalar sözü var: keçi can hayında, kəssab piy axtarır… Adil Vəliyev ölkəmizə qarşı iqtisadi cinayətdə ittiham olunaraq həbsə düşən Əhmədzadənin tutulmasından sonra kölgəyə çəkilib. Onsuzda “Kəpəz”ə təyinatından bəri bir dəfə də olsun klubla maraqlanmayan Vəliyev üçün gəncəlilərin qüruru olan klub ucuz “oyuncaq”dır. Bu sözümə görə azarkeşlər məni bağışlasınlar amma həqiqət belədir. Tərsini qoy yanındakılar sübut etməyə yox, ən azı göstərməyə çalışsınlar.
Adil Vəliyevin yoxluğunda sədrin idarəçilik məsələləri üzrə müşaviri Fərman Əlizadə özünü gözəsoxmağa çalışır ki, bu da olduqca süni alınır. Əlizadənin idarəçilik qalibiyyəti çox zəifdir. “AqroSport”un bügünkü durumu buna sübutdur. Ən yaxşı “bacardığı” “ot” biznesini batıran şəxs “Kəpəz”i necə xilas edə, ayaqda saxlaya bilər? Fərman bəyi əgər “Kəpəz” düşündürsəydi, şəkil çəkdirmək bir yana “Qarabağ” ilə oyundan öncə gəlib komandaya ürək-dirək verərdi. Borca görə sponsorlu klubun bazasının qazı, “işığı” kəsiləndə önə çıxardı, problemi həll etməyə çalışardı. Yoxsa, vacib oyun öncəsi gürcü müdafiəçinin PFL-ə sifarişinə pul tapa bilmədiyindən zəng vurub “Qarabağ”la görüşdə onu oynadacaqsız” deyə məşqçiləri sorğu-sual etməzdi.
Qış fasiləsində Gəncəyə gəlib klubun bazasına təşrif buyurmayan, komandanın nəyə ehtiyacı olduğunu soruşmayan idarəetmə mütəxəssisi bu azmış kimi bir aralar Bağırovun da zənglərini cavabsız qoyub. İndi hansı haqla Fərman Əlizadə foto obyektiv önünə keçir, poz verir, gülümsəyir? Yoldaş Əlizadə, sizin bu qələbədə payınız yoxdur, bunu komandanın içində inzibatçıdan tutmuş həkiminə qədər hamı yaxşı anlayır. Həkim demiş, qış fasiləsində güclü tibbi heyətini pulsuzluğa görə klubda saxlaya bilməyən “Kəpəz”in dərdinə onda da Fərman bəy əlac ola bilmədi. Hec buna cəhddə etmədi. Sonucda Azər Bağırov bu vaxta qədər idman tibbi kimi spesifik sahədə çalışmayan gədəbəyli yerlisini kluba gətirmək məcburiyyətində qaldı. Təbii ki, daha az məvacib müqabilində. Amma hamıya yaxşı məlumdur ki, futbolda, komandanın içində ən əsas olan peşə sahələrindən biri də həkimlərdir. Təcrübəli, bacarıqlı tibbi heyətin olmasa komandanı ayaqda tuta bilməzsən. Elə bunun sübutu – Luis Paçunu 20 gündə sağalda bilməyən həkimlərin səriştəsizliyi “Kəpəz”in “Qarabağ” önünə hücümçusuz çıxması ilə nəticələndi. Bir sözlə, Fərman Əlizadə şəkil çəkdirməkdənsə, buna səbəb gözləməkdənsə, gəlin klubun içində olun, bazada, məşq meydanında görünün, fotoda olmazsaz da olar. Onsuzda mənim kimi fotogenik görünüşünüz də yoxdur.
(korner.az)








_1769459131.jpg)



