“Kəpəz” bu gün meydandakı nəticələrdən daha çox klub daxilində baş verən proseslərlə gündəmə gəlir. Klubun idarəetməsində yaranan qarışıqlıq, pərdəarxası oyunlar və qəribə təyinatlar göstərir ki, "sarı-göylər"in daxilində daşlar çoxdan yerindən oynayıb.

“Kəpəz”i sponsor vədləri ilə nəzarətə götürən Adil Vəliyevin klubunda sabitlikdən danışmaq çətindir. Açığı, bu vəziyyət gözlənilməz də deyil. Çünki klubun formal sahibi kimi görünən şəxsin özünün vəziyyəti də suallar doğurur. Ölkəmizə xəyanət ittihamı ilə DTX tərəfindən həbs olunan Adnan Əhmədzadə ilə biznes əlaqələri olan Vəliyevin diqqətinin futbola yox, daha ciddi problemlərə yönəldiyi açıq görünür. Bu səbəbdən də “Kəpəz” faktiki olaraq nəzarətsiz vəziyyətdə qalıb.

Belə şəraitdə idarəetmə ipi faktiki olaraq bir neçə nəfərin əlində cəmlənib. Bu sistemdə əsas fiqurlardan biri Fərman Əlizadədir. Klubun gündəlik işlərinə nəzarət etməli olan Əlizadə isə faktiki olaraq “Kəpəz”i uzaqdan idarə olunan mexanizmə çevirib.

Belə bir vəziyyətdə klub daxilində boşluqların yaranması qaçılmazdır. Yiyəsizlikdən istifadə edən bəzi klub rəsmiləri isə artıq özlərini sistemin əsas fiqurları kimi aparmağa başlayıblar.

Məlumatlara görə, bu proseslərin mərkəzində olan şəxslərdən biri Ruslan Məmmədovdur. Futbol cameəsində təsadüfi fiqur kimi tanınan Məmmədov “Aqrosport”un rəhbəri Fərman bəylə kurs yoldaşı olması və şəxsi əlaqələri sayəsində “Kəpəz”də İnfrastruktur rəhbəri vəzifəsinə gətirilmişdi. Futbol idarəçiliyində təcrübəsi olmayan bir şəxsin bu postu tutması ilk aylarda ciddi problemlər də yaradıb. Lakin bu səhvlər üstüörtülü şəkildə ört-basdır edilib.

Zaman keçdikcə isə vəziyyət dəyişib. Məmmədov artıq tutduğu vəzifədən narazı olduğunu gizlətməyib. Bu narazılıq tədricən açıq tələbə çevrilib. O, maaşının artırılmasını istəyib, klub daxilində futbolçular və məşqçilərə verilən yüksək mükafatların fonunda öz payının olmadığını qabardıb.
Daha maraqlısı isə iddialara görə, Ruslan Məmmədov narazılığını əsaslandırmaq üçün “yuxarı dairələrdə” olan qohumunun adından istifadə etməyə başlayıb. Bu isə artıq vəziyyəti idarə edən şəxsləri ehtiyatlandırıb.

Bütün bunların sonunda isə yeni təyinat baş tutub. Ruslan Məmmədov icraçı direktor vəzifəsinə təyin olunub.

Məmmədovun boşaltdığı İnfrastruktur rəhbəri postuna isə akademiyanın sıravi əməkdaşlarından biri Fərid Heydərov gətirilib. Üstəlik, vəzifənin adı da dəyişdirilərək “İnfrastruktur meneceri” kimi təqdim olunub.

Bu təyinat bir daha göstərir ki, “Kəpəz”də problem meydandakı nəticələrdə deyil. Klubun daxilində qurulan idarəetmə sistemi suallar doğurur və qərarların hansı prinsiplərlə verildiyi bəlli deyil.

“Kəpəz” bu gün daha çox pərdəarxası oyunların, şəxsi əlaqələrin və daxili çəkişmələrin meydanına çevrilmiş kimi görünür. Belə davam edərsə, "sarı-göylər"in ən böyük problemi rəqiblər yox, məhz öz daxilində baş verənlər olacaq. (Sportlife.az)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest