A Seriyasının 23-cü turunun "Kremoneze" – "İnter" (0:2) qarşılaşmasında xoşagəlməz insident yaşanıb.

Matc.az xəbər verir ki, Milan klubunun azarkeşlərinin olduğu hissədən rəqibin qapısına doğru pirotexniki məşəl atılıb və qapıçı Emil Auderonun yanında partlayıb. Ani partlayış nəticəsində qapıçı yerə yıxılıb və hakim oyunu dayandırmağa məcbur olub.

Hər iki komandanın oyunçuları qolkiperin səhhətindən narahat olaraq onun yanına qaçıblar. "İnter" oyunçuları (Federiko Dimarko, Lautaro Martinez, Alessandro Bastoni) baş məşqçi Kristian Çivu ilə birlikdə hətta azarkeşlər bölməsinə də gediblər.

Lakin hadisənin daha dəhşətli təfərrüatları sonradan üzə çıxıb. İlk pirotexniki məşəli atan azarkeş, ikincisini də atmağa çalışıb, lakin əlində partlayıb. Nəticədə azarkeş iki-üç barmağını itirib və təcili olaraq xəstəxanaya yerləşdirilib. Azarkeşin xəstəxanadan çıxdıqdan sonra həbs olunması planlaşdırılır.

Yaşanan hadisəyə baxmayaraq, Audero həkimlər tərəfindən müayinə edildikdən sonra matçı davam etdirə bilib və oyun "İnter"in qələbəsi ilə başa çatıb.

Klub prezidenti Beppe Marotta azarkeşin hərəkətlərini sərt şəkildə pisləyərək, rəhbərlik və polisin onu bu qalmaqallı hərəkətə görə mütləq cəzalandıracağına söz verib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest