Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi Rui Jorjenin bu gün təqdimat mərasimi keçirilib.
Matc.az xəbər verir ki, 55 yaşlı portuqaliyalı mütəxəssis təyinatı ilə bağlı belə deyib:
“Hər şeydən öncə, sizinlə bir yerdə olmaq mənim üçün bir qürurdur. Ümid edirəm ki, qarşıdakı zaman ərzində çox yaxşı təcrübə keçəcəyik. Təşəkkür edirəm.
Uğur qazanmaq üçün bunun üzərində işləmək lazımdır. Uğur idman nəticələrindən asılıdır. Bunu nə mən, nə də başqa bir məşqçi “qaranti” edə bilməz. Bir komandada uğur qazanmaq oyunçuların istəyindən asılıdır. Oyunçular öz üzərlərində çalışmalıdırlar ki, yüksək yerlərdə çıxış edə bilsinlər. Bunları düzəltmək lazımdır. Bunu bacarsaq, uğur qazana biləcəyik.
Fernandu Santuşla (Azərbaycan millisinin sabiq baş məşqçisi) danışmaq barədə suala gəldikdə, onun özüylə təbii ki, danışdım. Onunla həm də Azərbaycan haqda danışdım və müsbət şeylər eşitdim. Bura gəldikdən sonra isə başa düşdüm ki, onun dedikləriylə gördüklərim üst-üstə düşür.
Oyunçuların inkşafı üçün klubların görəcəyi iş çox böyükdür.
Fernandu Santuşla milli haqda danışmamışam. Onun millidə tələb etdiyi oyunçu səviyyəsiylə, mənim tələb etdiyim oyunçu səviyyəsi eyni deyil.
2013-cü ildəki oyunları xatırladım. Harada və necə oynadığımızı xatırlayıram. Demək olar ki, Fernando Silva debüt qolunu Azərbaycana qarşı vurmuşdu. Əlbəttə ki, bunları çox yaxşı xatırlayırm. AFFA ilə də danışıqlardan öncə, U-19-un oyunlarını izləmişəm. Bunlar Malta, Polşaya qarşı oyunlar idi. Federasiya prezidenti ilə danışmadan öncə bu iki oyunu izləmişdim. Daha sonra Çexiya, Şimali İrlandiyaya qarşı oyunları izlədim. Eyni zamanda, Sloveniyaya qarşı üç oyunu da izləmişəm.
Bizin ən əsas məqsədimiz futbolçuların nə əldə etməsidir. İlk öncə onların keyfiyyətlərini qaldırmalıyıq.
Hazırda hansısa bir sistem üzərində dayanmamışıq. Çünki oyunçularla tanış olduqdan sonra, onların mənə nə verə biləcəyini biləcəm. Ondan sonra bunun üzərində işləyəcəm.
Çoxlu təkliflərim olub. Portuqaliya millisində – U-21-də çalışarkən çox təkliflər olub. Federasiya ilə danışıqlarım başa çatdıqdan sonra Azərbaycan millisindən təklif gəldi. AFFA prezidenti Rövşən Nəcəflə danışıqlarımız oldu, ölkə haqda xoş fikirlərim formalaşdı.
Bir şeyi əminliklə bilirik ki, biz dünya çempionatının finalında çıxış edəcəyik. Biz qaydalarla bu yerə gəlib çıxmışıq. Mən çox yaxşı bilirəm ki, dünya çempionatında çıxış edən komandalar arasında böyük fərqlər var. Aşağı yaş qrup futbolçularının formalaşmasında da problem olduğunu bilirəm. Biz çalışacağıq ki, bu fərq azalsın”.
U-20 millisi 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FİFA U-20 dünya çempionatında iştirak edəcək.


_1773676778.jpg)









