"Barselona"nın baş məşqçisi Hans-Diter Flik 2025/2026-cı illər mövsümü üçün İspaniya La Liqasının ən yaxşı məşqçisi seçilib.
Matc.az xəbər verir ki, bu barədə İspaniya çempionatının mətbuat xidməti məlumat yayıb.
Səsvermənin yekun nəticələrinə əsasən, almaniyalı mütəxəssis "Xetafe"nin baş məşqçisi Xose Bordalas və "Vilyarreal"ın çalışdırıcısı Marselino Toralı qabaqlayaraq bu mötəbər mükafata layiq görülüb. 2024-cü ilin yayından Kataloniya təmsilçisini çalışdıran 61 yaşlı mütəxəssis, beləliklə, ardıcıl ikinci dəfə İspaniyada mövsümün ən yaxşı məşqçisi adını qazanıb.
Xatırladaq ki, Flikin rəhbərliyi altında "Barselona" ötən mövsümü 94 xalla La Liqanın çempionu kimi başa vurub. Kataloniyalılar çempionatın 38 turluq formata keçməsindən sonra mövsüm ərzində öz meydanında keçirdiyi 19 ev oyununun hamısında qalib gələn ilk komanda olaraq tarixi rekorda imza atıblar. Qazanılan bu böyük uğurların ardınca, klub rəhbərliyi ötən ay Hans-Diter Flik ilə müqavilənin müddətini 2028-ci ilin yayına qədər uzadıb.






_1780509854.jpg)






