Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) 2026-cı il dünya çempionatına ev sahibliyi edən stadionlarda vuvuzela, fit və siqnallardan istifadəni rəsmən qadağan edib.
Matc.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Ali futbol qurumunun qəbul etdiyi bu qərar turnir zamanı qüvvədə olacaq stadion azarkeşlərinin davranış qaydalarında öz əksini tapıb. Yeni qaydaları pozan azarkeşlərin arenalara girişi tamamilə qadağan ediləcək. Əgər azarkeşlər qeyd olunan səs alətlərini gizlicə içəri gətirməyə cəhd edərlərsə, təhlükəsizlik əməkdaşları tərəfindən dərhal stadiondan kənarlaşdırılacaqlar. Səs alətləri ilə yanaşı, tribunalarda lazer cihazlarının istifadəsinə də qəti qadağa qoyulub.
Məlum olduğu kimi, buynuz formalı nəfəsli musiqi aləti olan vuvuzelanın futbol azarkeşləri arasında istifadəsi 2010-cu ildə Cənubi Afrikada keçirilən dünya çempionatından sonra bütün dünyada geniş populyarlıq qazanmışdı.
Xatırladaq ki, FİFA bundan əvvəl də təhlükəsizlik və isti hava tədbirləri çərçivəsində azarkeşlərin 2026-cı il dünya çempionatı oyunlarına su şüşələri gətirməsini qadağan etmişdi. Tarixdə rekord sayda – 48 komandanın iştirak edəcəyi dünya çempionatı bu il iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi ilə keçiriləcək.


_1780655917.jpg)








_1780606183.jpg)

