"Torino" və Xorvatiya millisinin yarımmüdafiəçisi Nikola Vlaşiç karyerasını digər İtaliya təmsilçisi "Roma"da davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.
Bildirilir ki, "Roma"nın baş məşqçisi Can Pyero Qasperini 28 yaşlı xorvatiyalı futbolçunun transferi ilə şəxsən maraqlanır. Təcrübəli mütəxəssis hələ "Atalanta"nı çalışdırdığı dönəmdən bəri Vlaşiçi öz komandasında görmək istəyirdi.
Klublar arasında transfer danışıqları hələ rəsmən başlamayıb. Danışıqların Toni Damiko rəsmi olaraq "Roma"nın idman direktoru təyin edildikdən sonra start götürməsi gözlənilir.
Nikola Vlaşiçin "Torino" ilə müqavilə müddəti 2027-ci ilin yayına qədərdir və sözləşmədə müddətin daha bir mövsüm uzadılması opsiyası var. Transfer dəyəri 10 milyon avro olaraq qiymətləndirilən futbolçu, başa çatan mövsümdə bütün yarışlarda 41 oyuna çıxaraq 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Vlaşiç Xorvatiya millisinin 2026-cı il dünya çempionatı üçün açıqlanan yekun heyətinə də daxil edilib.













