"Beşiktaş" azad agent statusunda olan Məhəmməd Salahı heyətinə qatmağa yaxındır, lakin sövdələşmə oyunçunun agentinin tələblərinə görə təhlükə altındadır.

Matc.az xəbər verir ki, bu barədə klubun prezidenti Sərdal Adalı "Ortacizgi" nəşrinə açıqlamasında məlumat yayıb.

Bildirilir ki, misirli futbolçunun nümayəndəsi gözlənilmədən 35 faiz məbləğində komissiya haqqı istəyib və bu, Türkiyə klubunu qane etmir. "Beşiktaş" şişirdilmiş komissiya haqqını ödəməyəcək və agent tərəfindən şərtlərin yenidən nəzərdən keçirilməsini gözləyir, əks halda transferdən imtina etməli olacaq.

"Biz bir müddətdir ki, oyunçu və onun nümayəndəsi ilə danışıqlar aparır, transferin bütün detallarını müzakirə edirik. Nəhayət, bizə təqdim olunan sorğunu diqqətlə nəzərdən keçirdikdən sonra oyunçuya son rəsmi təklifimizi təqdim etdik. Onlara yaxın vaxtlarda öz qərarlarını bizə bildirəcəklərini gözlədiyimizi də çatdırdıq. Transfer səylərimiz tam sürətlə davam etsə də, bu, Salahla bağlı vəziyyətə dair son yenilikdir. İlk danışıqlardan bəri biz "Beşiktaş"ın maraqlarını nəzərə alaraq tələb olunan bütün artımları və düzəlişləri nəzərdən keçirdik və son təklifimizi irəli sürdük. İndi qərar oyunçunundur və biz onlara yaxın vaxtlarda cavab verməli olduqlarını bildirmişik", - deyə Adalı bildirib.

Xatırladaq ki, Salah iyulun əvvəlindən azad agent statusundadır, onun "Liverpul" ilə müqaviləsinin müddəti başa çatıb. Əvvəllər onun karyerasını MLS-də davam etdirə biləcəyi barədə məlumatlar yayılmışdı – onunla "Sportinq Kanzas Siti" maraqlanır.

Ötən mövsüm Salah "Liverpul"un heyətində bütün turnirlərdə rəqib qapılarına 41 oyunda 12 qol vurub və 10 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest