"Bu vaxtdan sonra buradan çıxa bilmərik? Çıxarıq. Amma biz öz işimizi çətinə saldıq".
Fatih Terim Türkiyə millisinin dünya çempionatının qrup mərhələsindəki şanslarını dəyərləndirib və komandanın hələ də pley-offa yüksələ biləcəyini qeyd edib.
Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis ilk turdakı məğlubiyyətdən sonra vəziyyətin çətinləşdiyini bildirib:
"Bu vaxtdan sonra buradan çıxa bilmərik? Çıxarıq. Amma biz öz işimizi çətinə saldıq. Bu gün heç-heçə etsəydik başqa, 1:0 və ya 2:1 hesabı ilə uduzsaydıq başqa olardı. Turnirlərdə oyunçularıma həmişə bunu demişəm: qazanılan hər xal, vurulan hər qol çox önəmlidir. Bir qola görə qrupu keçə bilmədiyimiz vaxtlar olub. Vurulan və buraxılan hər qolun böyük əhəmiyyəti var. Hətta sarı kartların, qırmızı kartların, feyr-pley qaydalarının belə önə çıxdığı reqlament mövcuddur. Böyük turnirlərdə son oyunlarda gözlənilməz nəticələr olur. Üçüncü yerlə qrupdan çıxıb sonra irəli gedə bilərsiniz. Heç kim bu komandanın haradan gəldiyini soruşmur, tarixə yazılan qazanılan uğurdur. Turnir uzun marafon deməkdir. Biz nə olursa-olsun orada qalmalıyıq".
Qeyd edək ki, Türkiyə millisi dünya çempionatının D qrupunun ilk oyununda Avstraliyaya 0:2 hesabı ilə məğlub olub. "Ay-ulduzlular" növbəti oyun günündə, iyunun 20-də Paraqvay ilə qarşılaşacaqlar. Komanda qrup mərhələsinin sonuncu görüşünü isə iyunun 26-da ABŞ-yə qarşı keçirəcək.
Cari reqlamentə əsasən, qruplarda ilk iki yeri tutan komandalarla yanaşı, ən yaxşı nəticəyə sahib 8 qrup üçüncüsü də növbəti mərhələyə vəsiqə qazanacaq.













