"Tottenham"ın braziliyalı hücumçusu Rişarlison karyerasını "Yuventus"da davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Bildirilir ki, hazırda Turin təmsilçisi növbəti mövsüm üçün yeni hücumçu axtarışı ilə məşğuldur. Klub üçün prioritet namizəd olaraq rəsmi təklif məbləği 40 milyon avroya qaldırılan Rendal Kolo Muani qalmaqdadır.
Lakin bu məbləğ də PSJ üçün yetərli olmaya bilər. Bu səbəbdən turinlilər artıq alternativ namizəd kimi Rişarlisonun variantını nəzərdən keçirirlər.
Onu İtaliya klubuna qapıçı Qulyelmo Vikarionun transferi ilə bağlı aparılan danışıqlar zamanı "Tottenham" özü təklif edib. Braziliyalı futbolçunun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədə olduğu və onun yenilənmə ehtimalı aşağı qiymətləndirildiyi üçün oyunçunu cəmi 20-25 milyon avroya heyətə qatmaq mümkündür.












