Uqo Broos Cənubi Afrika Respublikası millisinin baş məşqçisi postunu tərk edib.
Matc.az xəbər verir ki, bu barədə yerli futbol assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 74 yaşlı mütəxəssis milli ilə müqaviləni yeniləməmək qərarının səbəbini açıqlayıb. O, ailəsinə daha çox vaxt ayırmaq istədiyini etiraf edib.
"Ailəmdən uzun müddət uzaq qalmağım və Cənubi Afrikadakı tənhalıq anları məni bu çətin qərarı verməyə məcbur etdi", – deyə Broos bildirib.
Qeyd edək ki, belçikalı mütəxəssis 2021-ci il mayın 5-dən CAR millisinə rəhbərlik edirdi. Onun başçılığı altında komanda 2023-cü il Afrika Millətlər Kubokunun bürünc medallarını qazanıb, həmçinin uzun müddətdən sonra ilk dəfə dünya çempionatına vəsiqə əldə edib.
Üstəlik, komanda ölkə tarixində ilk dəfə dünya birinciliyinin pley-off mərhələsinə yüksəlib. Afrika təmsilçisi 1/16 finalda Kanadaya uduzub (0:1).













