Argentinalı cinah oyunçusu Franko Mastantuono bu ilin yayında Madrid "Real"ını icarə əsasında tərk edəcək.

Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrisio Romano sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilir ki, "Real" Mastantuononu icarəyə vermək qərarına gəlib. 18 yaşlı argentinalı oyunçu komandanın avqustun 1-də "Fiorentina"ya qarşı keçirəcəyi yoxlama matçının iştirak ərizəsinə daxil edilməyib.

Mastantuononun icarəyə götürülməsində onun ötən ilin yayında "Real"a keçdiyi doğma klubu "River Pleyt" maraqlıdır. Lakin Madrid klubu Avropadan olan variantlara daha çox üstünlük verir.

Ötən mövsüm Mastantuono "Real"ın heyətində bütün turnirlərdə meydana çıxdığı 35 matçda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Futbolçunun klubu ilə müqaviləsi 2031-ci ilin yayına qədərdir, onun transfer dəyəri isə 45 milyon avro olaraq qiymətləndirir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest