UEFA FIFA-nın bayrağı altında keçirilən turnirləri boykot etmək planından imtina etmək niyyətindədir.
Matc.az xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.
Bildirilir ki, UEFA FIFA prezidenti Canni İnfantino ilə mübarizədə müxtəlif addımlardan imtina etməsə də, boykot variantı isveçrəli funksionerə qarşı mübarizə alətləri siyahısından çıxarılacaq. Bunun müqabilində FIFA UEFA-ya rəsmi zəmanət verib ki, bundan sonra dünya çempionatlarının təşkilinə özəl investorları cəlb etmək cəhdləri göstərməyəcək. Bu zəmanətlər avqustun 27-də Monakoda keçiriləcək görüşdə müzakirə olunacaq.
Xatırladaq ki, bir qədər əvvəl İnfantino dünya çempionatının hüquqlarının bir hissəsini özəl investorlara satmaq planının uğursuzluğa düçar olmasına baxmayaraq, FIFA rəhbəri postunu tərk etmək niyyətində olmadığını bildirmişdi. O, UEFA və KONKAKAF-ın sərt tənqidindən sonra bu plandan imtina etmək məcburiyyətində qalmışdı.
Əlavə edək ki, Avropanın 55 ölkəsi "FIFA Forward Enterprise" adlanmalı olan bu şirkətin yaradılması təşəbbüslərinə görə növbəti dünya çempionatlarını boykot etməyə hazır idi. UEFA, Asiya Futbol Konfederasiyası (AFK) və KONKAKAF ilə birlikdə açıq məktub yazaraq ali futbol qurumunun son mübahisəli qərarları fonunda FIFA-nın fəaliyyətinin yoxlanılmasına çağırıb.













