çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın "Partizani" ilə cavab oyununa təyinat alan Dumitru Muntean Azərbaycan komandalarına yad sima deyil. Matc.az saytının məlumatına görə, moldovalı referinin təmsilçilərimizlə yolu iki dəfə kəsişib.

2013-cü ildən FIFA referisi olan Muntean ilk dəfə 2016-cı ildə 21 yaşadək futbolçulardan ibarət millimizin oyununa təyinat alıb. Sentyabrın 6-da Farer adaları ilə Bakıda keçirilən qarşılaşma 1:1 hesabı ilə nəticələnib. Moldovalı həmin ilin oktyabr ayının 19-da "Qəbələ"nin U-19 komandasının UEFA Gənclər Liqasının I mərhələsində Rusiya "Dinamo"su ilə səfər matçında da fit çalıb. Təmsilçimiz Moskvadakı qarşılaşmada böyük hesabla məğlub olub - 0:5.

34 yaşlı referi ümumilikdə 37 beynəlxalq oyun idarə edib. UEFA ona əsasən aşağı yaş qrupu komandalarının oyunlarını və avrokubokların təsnifat mərhələsi matçlarını tapşırıq.

Qeyd edək ki, iyulun 17-də "Dalğa Arena"da keçiriləcək "Qarabağ" - "Partizani" görüşü saat 21:00-da start götürəcək. Bu komandalar arasında ilk matçda qol vurulmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest