"Cavab oyununda vəziyyəti lehimizə dəyişə bilərik". Matc.az saytının məlumatına görə, bunu "Partizani"nin yarımmüdafiəçisi Bruno Telyuşi deyib.

Albaniya çempionu çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində sabah "Qarabağ"ın qonağı olacaq. Səfər öncəsi yerli mətbuata açıqlama verən Telyuşi mərhələ adlayacaqlarına inandığını söyləyib.

29 yaşlı orta sahə oyunçusu cavab matçında daha güclü olacaqlarını bildirib: "İlk oyundakı kimi çıxış etsək və hücumda daha daha yaxşı oynasaq, bizdə hər şey alınacaq. Topa da nəzarəti itirmək olmaz. Azərbaycana daha güclü "Partizani" gedir, Tiranadakından yaxşı oynayacağıq. O ki qaldı inama, biz özümüzə güvənirik və növbəti mərhələyə adlayacağımıza əminik. Tiranadakı qarşılaşmada necə güclü kollektiv olduğumuzu hər kəs gördü".

Telyuşi penaltilər seriyasına hazır olduqlarını da əlavə edib: "Penaltilər seriyasını nəzərdən qaçırmırıq. Buna da hazırlığımızı görürük. Ancaq hər şeyi 90 dəqiqə ərzində həll etsək, daha yaxşı olar".

Qeyd edək ki, "Qarabağ" - "Partizani" görüşü sabah "Dalğa Arena"da keçiriləcək. Tiranadakı ilk qarşılaşmada qolsuz bərabərlik qeydə alınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest