“Fənərbağça”nın müvəqqəti baş məşqçisi Dirk Kuyt İstanbul təmsilçisində fəaliyyətini davam etdirmək niyyətindədir. Matc.az xəbər verir ki, niderlandlı mütəxəssis UEFA Çempionlar Liqasının IV turunda “Liverpul” üzərində 3:2 hesablı qələbədən sonra keçirilən mətbuat konfransında gələcək planları barədə danışıb.
46 yaşlı çalışdırıcı klub rəhbərliyinin və baş məşqçi Emre Belözoğlunun qərarından asılı olaraq komandada qalmağa hazır olduğunu bildirib:
“Klub üçün ən vacib olan nədirsə, onu etməliyik. Əlbəttə, burada qalmaq istəyirəm. “Fənərbağça”nı çox sevirəm. Amma əsas məsələ klubun bundan sonra irəliyə doğru addımlamasıdır”.
Kuyt Emre Belözoğlu ilə münasibətlərinin yaxşı olduğunu da vurğulayıb. O, yeni baş məşqçi ilə qarşılaşmadan əvvəl görüşdüklərini və bir-birlərinə uğurlar arzuladıqlarını qeyd edib.
Qeyd edək ki, İsmail Kartalın istefasından sonra Dirk Kuyt müvəqqəti olaraq “Fənərbağça”nın baş məşqçisi vəzifəsini icra edib. Emre Belözoğlunun bu posta təyinatı noyabrın 3-də açıqlanıb.













