Çempionlar Liqasının liqa mərhələsinin dördüncü turunun oyunları başa çatdı. Matc.az xəbər verir ki, Norveç mətbuatı “Vikinq”in “Sabah” üzərindəki 4:1 hesablı qələbəsini qitənin ən nüfuzlu klub turnirində ilk uğuru kimi qeyd olunub.
“VG” “Vikinqin tarixi axşamı: ilk Çempionlar Liqası qələbəsindən sonra hava öpüşləri və ilan rəqsi” başlıqlı yazısında azarkeşlərin sevincini təsvir edib.
“TV 2”nin təhlilinə görə, oyun ikinci hissənin ortalarına qədər bərabər keçib. Birinci hissədə “Vikinq” üstünlüyü əlində saxlasa da, “Sabah” əks-hücumlarda təhlükəli görünüb. Qonaqlar 11-ci dəqiqədə Orfe Mbinanın qolu ilə öndə olub. Erik Botheym 27-ci dəqiqədə hesabı bərabərləşdirib.
Fasilədən sonra “Vikinq” oyuna nəzarəti ələ keçirib. Botheimin başla vurduğu top Akim Zedakanın əlinə dəyəndən sonra penalti təyin edilib. Zlatko Tripiç zərbəni əvvəlcə qaçırıb, lakin qayıdan topu qola çevirib.
Bundan sonra “Sabah”ın futbolçusu Aden Makkarti Piter Kristiansenə sərt müdaxilə etdiyi üçün VAR yoxlamasından sonra qırmızı vərəqə ilə oyundan kənarlaşdırılıb. Tripiçin künc zərbəsindən sonra Henrik Falkener başla hesabı 3:1 edib. Əlavə vaxtda Botheym ikinci qolunu vuraraq, hesabı 4:1-ə çatdırıb.
“TV 2” qeyd edir ki, “Vikinq” ikinci hissədə imza qolları ilə fərqlənib: arxa dirəyə ötürmədən sonra vurulan qol, Tripiçin penaltisi və künc zərbəsindən vurulan qol.
“VG”yə açıqlama verən baş məşqçi Morten Yensen qələbənin tarixi olduğunu və komandanın bununla çox qürur duyduğunu bildirib. Tripiç isə qaçırdığı penaltini tez unutmalı olduğunu deyib.
Qələbədən sonra “Vikinq” dörd oyundan 4 xalla cədvəlin 22-ci pilləsinə qalxıb. Növbəti mərhələyə çıxmaq üçün komanda səkkiz oyundan sonra ilk 24-də olmalıdır. “Sabah” isə 3 xalla 31-ci yerdədir.













