çempionlar Liqasının I təsnifat mərhələsində "Partizani" ilə keçirilən qarşılaşmadan sonra "Qarabağ"ın yarımmüdafiəçisi Filip Ozobiç fikirlərini jurnalistlərlə bölüşüb. Matc.az saytının məlumatına görə, oyunda hesabı açaraq, komandanın 2:0 hesablı qələbəsinə töhvə verən xorvatiyalı futbolçu artıq "Dandolk" barədə düşündüklərini deyib.

- Oyun haqda nə deyə bilərsiniz?

- Oyun çətin alındı. "Partizani" bizə çətinliklər yaratdı. Yaxşı rəqiblə qarşılaşırdıq. Taktiki cəhətdən və müdafiədə çox yaxşı oynadılar.

- İlk hissədə qol vura bilməməyinizin səbəbi nə oldu?

-  Əsas odu ki, lazım olan qolları ikinci hissədə vurub, qələbə qazanmağ bacardıq.

- Baş məşqçi Qurban Qurbanov fasilədə hansı tapşırıqları verdi?

- Bildirdi ki, sakit oynamaq lazımdı, hər şey yaxşı olacaq.

- Başla vurduğunuz qol "Qarabağ"ın mərhələ adlamasına kömək oldu...

- Uzun müddət idi başla qol vurmurdum (gülür). Ancaq ən önəmlisi qələbə qazanmaq idi. İndi II təsnifat mərhələsini gözləyirik.

- Növbəti mərhələdəki rəqibiniz "Dandolk" barədə məlumatınız varmı?

- Hələ ki, xeyr. Ancaq öyrənəcəyik. Yaxşı hazırlaşmaq lazımdı.

- "Partizani"nin II mərhələdəki rəqibdən güclü olduğunu düşünənlər var. Siz bu barədə hansı fikirdəsiniz?

- Bunu deyə bilmərəm. Hər mərhələdə çətin rəqib olur. Əsas bu matçlara yaxşı hazırlaşmaq və baxımlı oyun göstərməkdi.

- "Qarabağ"ın çempionlar Liqasının qrup mərhələsinə düşməsi real görünür?

- İndi bu barədə danışmaq üçün erkəndi. Oyundan-oyuna, mərhələdən-mərhələyə irəliləmək lazımdı. Sonrasını birlikdə görəcəyik.

- "Qəbələ"də olarkən "Dalğa Arena"da avrokubok matçına çıxmısınız...

- Bəli, "Maribor"a qarşı burda oynamışam. Ancaq "Tofiq Bəhramov"da oynamağı sevirəm. Hələ ki, "Dalğa Arena"dayıq. Sonra necə olacaq, bilmirəm. Stadionla bağlı bir problemimiz yoxdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest