20 Oktyabr 2019, 20:20
MPL
"Zirə"nin qapıçısı Orxan Sadıqlı Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində qarşılaşdıqları "Neftçi" ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Matc.az xəbər verir ki, o, əvvəlcə 0:3 hesablı məğlubiyyəti şərh edib
"Zirə"nin qapıçısı Orxan Sadıqlı Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində qarşılaşdıqları "Neftçi" ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Matc.az xəbər verir ki, o, əvvəlcə 0:3 hesablı məğlubiyyəti şərh edib:
- Oyuna ciddi hazırlaşmışdıq. Rəqibin bir-iki epizodda bəxti gətirdi, erkən qol vurdular. Evdə oynadıqları üçün üstün tərəf idilər. Onları qələbə münasibəti ilə təbrik edirəm. Azarkeşlərlə olan hal normaldı. Bu, hər ölkədə baş verir. Əsas odu, buna fikir verməyəsən. Şükürlər olsun ki, təhqirlərə yol vermədi. Zaur Həşimovla ilk oyunumuz idi. İstəyirdik ki, yaxşı nəticə əldə edək. Ən azı bir xal qazanmaq istəyirdik. Alınmadı, qismət belə imiş.
- Ən zəif oyununuzu keçirdiyinizi söyləmək olar?
- Zəif deməzdim. Bizim komandada kompaktlıq yoxdu. Bir yerdə oynaya bilmirik. Yeni komandayıq və çatışmayan cəhət budu. İnşallah, yeni baş məşqçi ilə bunu aradan qaldırarıq. Bizə təcrübə yığmaq lazımdı. Yeni heyət formalaşıb. Əcnəbi oyunçumuz çoxdu. Legionerlərlə dil tapmaq bir az çətin olur. çempionat uzundu. Kompakt oynamalıyıq. İstəkli oynayırıq. Fərdi cəhətdən götürsək, güclü oyunçularımız var. Sadəcə, kollektiv oynamırıq. Bunu da gələn oyunlarda düzəldəcəyik.
- "Zirə" medallar uğrunda mübarizə apara biləcək?
- Əlbəttə! Aparacağıq, niyə də yox?! İki-üç qələbədən sonra 2-ci yerə qədər qalxmaq olur. Məqsədimiz Avropa Liqasına yollanmaqdı. ölkə kubokunda da maksimum irəli getmək istəyirik. Kollektiv oyun bizdə çatışmır. Müdafiə olunmaq hücumdan başlayır. Qol buraxırsansa, hardasa axsaqlıq var. Bizim ikinci buraxdığımız qol buna nümunədi. Deməli, hardasa düzgün hazırlaşmamışıq. çalışmaq lazımdı.
- Azarkeşlərin sənin ünvanına səsləndirdiyi şüarlardan sonra əsəblərinə hakim ola bildin?
- öyrəşmişəm buna. Onların problemi "Xəzər Lənkəran"ladı. İndi bunu normal sayıram. Gənc olsaydım, bəlkə də, başqa nəsə yaşana bilərdi. özümü də bu oyuna hazırlamışdım. Şükürlər olsun ki, nəsə baş vermədi. Təhqir olsaydı, bəlkə də, başqa şey olacaqdı. Azarkeşdi, nə deyə bilərsən? Ona əlin çatmır, ağzına gələni danışa bilər. Möhkəm olmaq lazımdı.
- Formanı göstərərək onlara nəsə demək istəyirdin?
- Xeyr, bu, "Xəzər Lənkəran"la mənə aid məsələdi. Onlar da bilir ki, bu komanda qəlbimdədi. 13-14 yaşından "Xəzər Lənkəran"da idim. İndi isə "Zirə"nin uğurları üçün çalışıram. Hər futbolçunun yetişdiyi akademiya olur. Mən də "Xəzər Lənkəran" yetirməsiyəm. Əvvəldən "Neftçi" ilə rəqabət aparmışıq. Onların da, bizim də qələbələrimiz var. Keçmişlə deyil, indi ilə yaşamaq lazımdı.